Avropa Gənclər Olimpiya Festivalı tarixində Azərbaycan izi - MARAQLI FAKT

13:54 31-07-2019 52

21-27 iyul tarixlərində Bakı daha bir mötəbər idman turnirinə ev sahibliyi etdi.

HerGun.Az xəbər verir ki, bir həftə ərzində paytaxtımızda XV Avropa Gənclər Olimpiya Festivalı keçirildi.

Bəlkə də kimlərsə bu yarışın Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları ilə müqayisədə daha az maraq kəsb etdiyini iddia edə bilər. Ancaq bu yarışın gələcəkdə peşəkar idmançıların yetişməsi baxımından çox faydalı olduğu artıq sübuta yetirilib.

Azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev 2007-ci ildə 100 və 200 metr məsafələrə qaçışda ilk qızıl medallarını bu yarışda qazanıb.

2013-cü ildə 60 kq çəki dərəcəsində bürünc medal qazanmış cüdoçumuz Hidayət Heydərovun da uğurları məhz bu yarışdan sonra başlayıb. O, dörd il sonra böyüklərin yarışında Avropa çempionu olub.

Elə 2013-cü ildə Niderlandın Utrext şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında Hidayətlə birgə medal qazanmış idmançılardan biri Nazim Babayev olub. Atletikanın üç təkanla tullanma növündə çıxış edən 15 yaşlı Nazim Babayev qızıl medal qazanıb. Onun sözlərinə görə, Azərbaycan üç təkanla tullanma yarışlarında festivalın tarixinə düşüb:

“Həmin yarışın tarixində ikinci ən yaxşı nəticəni göstərmişəm. Onda 15,53 metr məsafəyə tullanmışdım. Həmin yarışın rekordçusu da elə azərbaycanlı olub. 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda Ənvər Zeynalzadə 15,56 metr nəticə göstərib.

Ümumiyyətlə, Avropa Gənclər Olimpiya Festivalı altı il əvvəl bizim yaşda olan idmançılar üçün böyük yarış sayılırdı. Bu, Olimpiada səviyyəsində yarış hesab olunurdu. Böyük arenalara gedən yolun ilk hissəsi elə buradan başlayır. Çünki ilk dəfə bu yaşda belə ciddi yarışa çıxırsan”.

Hazırda 21 yaşı olan idmançı həmin yarışı belə xatırlayır:

“O vaxt bu yarışa ciddi hazırlaşmışdıq. Çünki qitə üzrə yeniyetmələrin Olimpiadası sayılırdı. Karyeramda ilk təkanı məhz bu yarış mənə verdi. Turnirdə şəxsi nəticəmi bir metrdən çox artıra bilmişdim. Bu da mənim gələcək karyerama çox böyük təkan vermişdi. Bu ilin 23 yaşadək Avropa çempionu Necati Ər, bürünc medalçısı italyan Andrea Dallavalle və mən həmin yarışdan bəri uğurlu çıxış edərək öz sözümüzü böyük arenalarda deyə bilmişik. Belə demək mümkünsə, artıq peşəkara çevrilmişik”.

Həmin yarışdan sonra yeniyetmələrin Olimpiya Oyunlarının bürünc medalını qazanan Nazim daha sonra uğurlarını sıralayıb. Gənclərin, U-23-lərin və böyüklərin Avropa çempionu olan Nazim iki dəfə də Universiadada qızıl medalı boynundan asıb.

İdmançının sözlərinə görə, Bakıda keçirilmiş yarış azərbaycanlı gənclər üçün böyük əhəmiyyət kəsb edib:

“Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalı da digərlərindən fərqləndi. Təşkilatçılıq Utrextdəki yarışdan qat-qat yüksək idi. Çünki yarışları özüm də izləyirdim. Mənə elə gəlir ki, bu yarış medal qazanan idmançılarımıza güclü təkan verəcək. Bunu gələcək yarışlara hazırlıq kimi də qiymətləndirmək olar”.

Səbuhi Musayev