Niyə ABŞ valyutasına dollar deyirlər? - TARİXİ FAKT

16:27 31-07-2019 526

1785-ci ilin 6 iyul tarixində Birləşmiş Ştatların Konqresi dolları ölkənin milli valyutası kimi təsdiq etdi. ABŞ müstəqilliyini elan edənə qədər ingilislər alman talerini (XVI-XIX əsrlərdə Avropada və beynəlxalq ticarətdə istifadə edilən gümüş sikkə - red.) və bütün gümüş sikkələri dollar adlandırırdılar. Amerika koloniyasının sakinləri isə ispan pesosunu (pul vahidi) belə adlandırırdılar.

Bəs dollar sözü necə yaranıb?

HerGun.Az tarixi mənbələrə istinadla xəbər verir ki, etimologiyaya əsasən, “dollar” hind-avropa köklü “dhel” və “dholo” sözlərindən əmələ gəlib.

Bu sözlər isə “külliyat, köçürmə, yekun vurma” və “tamamlama, dəyirmiləşdirmə, döngə” mənasını verir, “dərinləşmə”, “çökəklik” mənaları da buradan yaranıb. Eyni kökdən qədim ingilis sözü “dale” (vadi) və “den” (kaha), “dell” (çuxur, dərə) sözləri də yaranıb.

Bununla yanaşı, dollar sözü ingilis dilinə alman dilindən götürülən “taler” sözünün özəlləşdirilməsi ilə gəlib. İngilis dilində “dale”, yəni vadi sözünə alman dilində “tal” sözü uyğundur. XVI əsrin əvvəlində qraf Şlikin ailəsi İoahimstal (müasir Çexiyanın Yaximov şəhəri - red.) şəhərində gümüş sikkə zərb etməyə başladı. Şəhərin adını hərfi olaraq İoahim dərəsi adlandırmaq olar. Zərb edilən sikkə isə şəhərin adına uyğun olaraq “ioahimstaler” adlanırdı. Zaman keçdikcə söz qısalaraq taler formasını aldı. İngilis dilinə bu söz alman dialektindən keçdi və bu dildə sözügedən pula “daler” deyirdilər. Nəticədə taler ingilis dilində “dollar”a çevrildi.

Dollar ABŞ-a necə gəldi?

XVIII əsrdə İngiltərədə talerə bənzəyən istənilən gümüş pula dollar deyirdilər. Amma Amerika koloniyasında ispan gümüş pesosuna da dollar deməyə başladılar. İspan “əsilli” dollarlar hətta Müharibə (Cənubla Şimalın müharibəsi nəzərdə tutulur - red.) başa çatdıqdan və öz valyutalarını qəbul etdikdən sonra da amerikalılar tərəfindən istifadə edilirdi. ABŞ-da milli valyuta dollar kimi 1785-ci ildə qəbul edilsə də, ilk dəfə sikkə zərbi 1794-cü ilə təsadüf edir. Bu dövrə qədər isə ispan sikkələrindən istifadə edilib.

Başqa dillərdə dollar

Alman taleri bir sıra Avropa dillərində öz izini saxlayıb. Taler nəinki ABŞ dolları, eyni zamanda Danimarka və İsveçdə daleri, Hollandiyada daalderi, Efiopiyada talari, İtaliyada tallero, Flamandda dalderi kimi pul adlarının yaranmasına səbəb oldu. Bütün hallarda “ioahimstaler” sözü dilin qanunauyğunluğuna əsasən dəyişdi.

Bu söz rus dilinə də təsir etdi. Amma Rusiyada sözün əvvəlini yox, sonunu sildilər. Rusiyada istifadə edilən Avropa taleri “yefimok” adlanırdı. “Yefimok” rus dilinə “ioahimstaler” sözünün ilk hecasının tərcüməsidir. Sonradan isə rus rublu zərb edilməyə başladı. Faktiki olaraq XVII əsrin “yefimok”u və müasir amerikan dolları eyni alman sözünün müxtəlif tərəfləridir...