Azad Əsgərov od püskürdü: Belə insanlar geydirmə təşkilatlarla işləyirlər

19:18 31-07-2019 558

Orda tək çeçenlərlə iranlılar arasında dava düşməyib. Ondan əvvəl “Ruslan” klubunun idmançısı ilə dağıstanlı döyüşəndə də dava düşüb.

Bunu HerGun.Az-a açıqlamasında MMA, Qrapplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.

26-28 iyul tarixlərində “Ultimax” promouterinin təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində beynəlxalq MMA döyüş gecəsi keçirilib. Gecənin son günündə idmançılar arasında dava düşüb. Bu barədə turnirin Azərbaycandakı təşkilatçılığı ilə məşğul olan Yusif Əliyevlə danışmışdıq.

Ancaq etiraf edək ki, hər şey təşkilatçılıqdan çox asılıdır. Düzdür, MMA-da, xüsusən UFC kimi turnirdə belə idmançılar arasında davalar çox olur. Ancaq idmançılar arasında düşən davaya digər kənar insanlar da qoşulursa, deməli, təşkilatçılıqda nöqsanlar olub.

Elə bu sahəyə həyatını həsr etmiş Azad Əsgərov da belə düşünür: 

“Adama sual verərlər. Yarış keçirənlərin idmandan xəbəri var? Hər oxuyan çıxıb oxumaz ki?! İdmançı var ki, dünya çempionudur, amma məşqçi işləyə bilmir. Bunlar da bazar adamıdır, idmandan xəbərləri yoxdur, təşkilatçılıq edirlər. Geydirmə sənədlərlə, geydirmə təşkilatlarla işləyirlər. Bildiyiniz kimi, dünyada MMA üzrə çox sayda təşkilatlar var. Ən aşağı səviyyəli təşkilatlarla işləyirlər.

MMA qeyri-Olimpiya idman növü olduğundan, pul məqsədilə çoxlu sayda səviyyəsiz təşkilatlar açılır. Eləsi var ki, adını demək olmur. Belə zəif təşkilatlara da zəif adamlar qoşulur və deyirlər ki, biz həmin beynəlxalq təşkilatın Azərbaycandakı nümayəndəsiyik. Belə insanlar da belə zəif təşkilatçılıqla yadda qalır.

Azərbaycan idman dövlətidir. Bu dövlətin Gənclər və İdman Nazirliyi, həmin nazirliyə tabe olan federasiyası var. Mən keçirdiyim Azərbaycan çempionatında 600-dən çox idmançı iştirak edirdi. Gəlib orda iştirak etmirlər, yer tuta bilməyəcəklərindən qorxurlar. Ona görə də zəif idmançılarla Bakıdan kənarda yarışlar keçirirlər və bunun vasitəsilə özlərini reklam edirlər”.

A.Əsgərov deyir ki, belə yarışı ancaq idmandan başı çıxanlar keçirməlidir:

“Mən özüm idmançı olmuşam. 1987-ci ildə uşaqlar arasında yunan-Roma güləşi üzrə SSRİ çempionuyam. Sonra qaydasız döyüşdə çıxış etmişəm. 2000-ci illərdə dünyanın tanınmış idmançıları vuruşanda mən də Yaponiyada döyüşmüşəm. Dövlətimiz də bu nailiyyətlərimə görə mənim federasiya prezidenti olmağıma imkan yaradıb. Federasiyamıza 70 klub daxildir.

Yəni mən bu insanlar kimi MMA-ya yoldan yox, idmandan gəlmişəm. Bu insanlar isə yoldan gələnlərdir. Mən bu federasiyanı yaradanda çoxları bilmirdi ki, yumruğu necə atmaq lazımdır. Mənim vaxtımda belə internet resurslarında reklam etmək imkanları yox idi. Bunlar isə özlərini sosial şəbəkələrdə reklam edirlər. Valideynlər də aldanıb uşaqlarını onların yanına qoyur. Belə getsə, Azərbaycanın MMA-da gələcəyi pis yerə gedib çıxacaq. Gedib zəif turnirlərdə qalib olub, adlarını dünya çempionu qoyurlar. Xarici təşkilatlar zəif idmançılarımızı görür deyə, elə bilirlər ki, bizdə güclü döyüşçülər yoxdur. Ona görə də beynəlxalq idman aləmində bizi sayan yoxdur.

“Ultramax”ı təşkil edən Yusif Əliyev “Instagram”da özünü idman ustası kimi təqdim edə bilər. Amma idman ustası adının verilməsi üçün nazirliyə təqdimatı mən verirəm. Həm də idman ustası adı almaqla deyil ki. Hər idman ustası təşkilatçılığı bacarmır ki. Bacarsa, belə dava düşməz”.

Səbuhi Musayev