20 YANVAR TARİXİMİZİN HƏM QANLI, HƏM DƏ ŞANLI SƏHİFƏSİDİR

20:26 19-01-2021 750

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

    Sovet Ordusunun xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqlarının tarixinə qanlı bir səhifə yazıldı. Tarix xəyanət və faciələri unutmur. 1990-cı il Yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı qırğın həm xəyanət idi, həm də faciə. Artıq dağılmaqda olan sovet imperiyasının öz vətəndaşlarına qarşı hərbi təcavüzü dünyada, bəlkə də, bənzəri olmayan vəhşilik idi.

      Həmin illərdə SSRİ-na rəhbərlik edən M.Qorbaçovun Dağlıq Qarabağ Muxtar Vilayətini müxtəlif vasitələrlə Azərbaycan SSR-nin nəzarətindən çıxarmaq və Ermənistan SSR tərkibinə qatmaq, Heydər Əliyevə qarşı böhtan kampaniyasına başlamaqla onu xalqın gözündən salmaq siyasəti və bu siyasəti Azərbaycan Kommunust Partiyasının birinci katibi Ə.Vəzirovun xüsusi canfəşanlıqla həyata keçirməsi Azərbaycan SSR-də 1988-ci ildə milli-azadlıq hərəkatının başlanmasına güclü təkan verdi. Bu siyasət, eyni zamanda, 1990-cı il 20 yanvar faciəsinə gətirib çıxartdı. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti yanvarın 20-də saat 00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Yanvarın 20-də, saat 00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən ilk olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. "Bakı əməliyyatı"na SSRİ müdafiə naziri, marşal D.Yazov şəxsən rəhbərlik edirdi. Bakı qarnizonu qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən desant, xüsusi cəza dəstələri hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əsgərlər gözyaşardıcı qazdan istifadə edir, əliyalın adamlara avtomat silahlardan güclü atəş açırdılar.Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, adamları tankların tırtılları altına salıb əzabla öldürür, eybəcər hala salırdılar. Şəhərin küçələri öldürülmüş, yaralanmış adamların, qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu.

   Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı 131 nəfər, o cümlədən 117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdür.160 Evlərə, ictimai və şəxsi nəqliyyat vasitələrinə, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi ziyan dəymişdi. Xalq başsız qalmışdı, vahimə içində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etdi, bu ağır günlərdə yaralı, heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu bildirdi. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

        Bütün dünya isə bu vəhşiliyə göz yumaraq susurdu.Xalqımız 1990-cı ilin yanvarında ölkəmizə qarşı törədilmiş qanlı qırğının səbəbkarlarını lənətləyərək, digər tərəfdən, qürur hisslərini gizlətmədi. Axı, o vaxt mərd oğullar təpədən dırnağa qədər silahlanmış imperiya qoşunlarının qabağından qaçmadılar, bizə Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi öyrətdilər. Onlar ölümləri ilə ölümsüzlük qazandılar.

     Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə 20 yanvar faciəsinə siyasi qiymət verdi.

   20 Yanvar faciəsində qətlə yetirilənlərin, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həlli istiqamətində böyük tədbirlər həyata keçirilir. 2006-cı il yanvarın 19-da  ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

         20 Yanvar Azərbaycan xalqının qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi həkk olunmuşdur. Xalqımızın azadlıqsevər övladları canlarından keçməklə, Azərbaycanı XX əsrdə ikinci dəfə müstəqil və azad bir dövlətə çevirdilər.

   Keçmiş sovet sovet ordusunun Bakıda xüsusi qəddarlıqla törətdiyi vəhşiliklərin gələcəyimiz olan uşaqlara, yeniyetmələrə çatdırlması da mühüm vəzifədir. Bu məqsədlə orta məktəblərdə keçirilən tədbirlər onu deməyə əsas verir ki, gələcək nəsillər bu faciəni heç vaxt unutmayacaqdır. 20 Yanvar hadisələri heç vaxt yaddaşımızdan silinməyəcəkdir. 20 Yanvarda xalqımız öz qəhrəmanlığını bir daha sübut etmişdir. Qəhrəman Vətən övladlarının mübarizə yolu gələcək nəsillər üçün əsl örnəkdir. Xalqımızın Sovet imperiyasının silahlı qüvvələrinə qarşı göstərdiyi müqavimət tarixə qəhrəmanlıq salnaməsi kimi yazıldı.

   Sonralar 20 Yanvaradək olan faciələr sırasına dünyanın ən dəhşətli hadisələrindən biri olan Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Qarabağın bəzi ərazilərində baş verən qanlı səhifələr də əlavə olundu. Vəhşi imperiyanın təpədən-dırnağa silahlandırdığı erməni faşizmi ilə qeyri-bərabər döyüşlərdə 30 minə yaxın mərdanə oğlumuzu itirdik.Ərazilərimizin 20 faizi işğal olundu, 1 milyondan artıq yurddaşımız öz doğma ata-baba torpağından didərgin düşdü. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətilə xalqımız  dəmir yumuruq kimi  birləşib işıqli gələcəyə olan böyük inamını itirmədi. Bu inam  2020-ci il sentyabrın 27-də 44 gün çəkən Vətən müharibəsində qazandığımız qələbə ilə nəticələndi. İtirilmiş 20  faiz ata-baba torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin qisası alındı.  Allah bütün şəhidlərimizə rəhmət eləsin.
                                                                                      Gülbəniz Cəfərova,

                                           Beyləqan rayon YAP Qadınlar Şurasının sədri.