Deputat: Prezident yanında iclasın yeni formatı dövlət qulluqçularının məsuliyyətini artırır

18:27 02-08-2019 492

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı yığıncaq keçirdi.

Dövlət başçısı tədbirdə ölkə iqtisadiyyatının ilin əvvəlindən artdığını qeyd edərək bildirib ki, qeyri-neft sənayesi 15,7% artıb.

Biz Prezidentin ölkənin sosial-iqtisadi inkişafının müəyyən dövr üçün nəticələrinə yekun vurmaq məqsədilə Nazirlər Kabinetini ildə bir neçə dəfə toplamasına çoxdan öyrəşmişik. İlham Əliyev dövlət strukturları rəhbərlərinin hesabatlarını dinləyərək ölkənin bu və ya digər sahəsində əldə olunmuş uğurları vurğulayır və məmurlara qarşıya qoyulmuş məqsədlərə nail olmaq və mövcud problemlərin və çatışmazlıqların aradan qaldırılması üzrə yeni tapşırıqlar verir. Əgər söhbət hökumətin rüblük olaraq geniş tərkibdə yığıncağından gedirsə, dövlət başçısı bir qayda olaraq iki dəfə - tədbiri giriş sözü ilə açanda və yekunda çıxış edir. Həmçinin üç nazirliyin və ya dövlət komitəsinin rəhbərlərinin hesabat məruzələri dinlənilir.

İyulun son günündə baş tutmuş yığıncaq Prezidentin sədrliyi ilə keçirilmiş hökumətin bütün əvvəlki iclaslarından keyfiyyətcə fərqlənirdi. Budəfəki müşavirədə əmək və əhalinin sosial müdafiəsi, iqtisadiyyat, vergilər, maliyyə, kənd təsərrüfatı nazirləri, Mərkəzi Bank sədri və Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi çıxış etdilər. Çıxış edənlərin belə geniş tərkibi tədbirin formatının dəyişməsi nəticəsində olub – tədbir interaktiv olub və “sual-cavab” rejimində keçib, bu da Azərbaycan cəmiyyətinin həyatının müxtəlif sahələrində islahatların səmərəli reallaşdırılmasını təmin etməyə hesablanmış açıq diskussiyalar üçün şərait yaradıb.

“Azərbaycan Prezidenti İlham Əliyev hələ bir il əvvəl qeyd etmişdi ki, ölkə həyatının müxtəlif sahələrində həyata keçirilən islahatlar növbəti illərdə daha da dərinləşəcək, bu da şübhəsiz ki, gündəlik həyatımızda öz əksini tapacaq. Dövlət başçısı həyata keçirilmiş işlərdən danışarkən həmişə xəbərdar edir ki, əldə edilmiş nailiyyətlərlə kifayətlənmək olmaz, əksinə, vətəndaşlarımızın rifahı naminə ölkənin gələcək inkişafı üçün səylər artırılmalıdır”.

Bunu HerGun.Az-a Milli Məclisin deputatı Sevinc Hüseynova Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirənin nəticələrini şərh edərkən deyib.

Millət vəkili müşavirənin formatında keyfiyyət dəyişikliklərini müasir həyatın tələbləri ilə əlaqələndirib:

“Hökumətin müşavirəsinin yeni formatı, onun interaktiv forması öz ideya və təkliflərini dövlət başçısı və hökumətdəki həmkarları ilə bölüşmək istəyən hər kəs üçün şəraitin yaradılmasına yönəlib. Beləliklə, həyata keçirilən islahatlar istiqamətində daha səmərəli işin təşkili üçün faydalı zəmin yaradılır.

Prezidentin tədbirdə iştirak edən dövlət strukturları rəhbərlərinin hər birinə müraciət edə bildiyi yığıncağın yeni formatı onların məsuliyyət hissini artırır. Nəticədə məmurlar xidməti vəzifələrinin icrasına daha ciddi yanaşmağa məcbur olurlar”.

S.Hüseynovanın sözlərinə görə, Azərbaycanın dövlət qulluqçuları ölkə Prezidentinin tövsiyələrinə əməl edərək öz peşə bacarıqları və təcrübələrinin artırılmasına xüsusi diqqət yetirirlər:

“Respublikada dövlət qulluqçularının peşəkarlığının və bilik səviyyələrinin artırılması üzrə məqsədyönlü iş aparılır. Onların seçim prinsipləri daim təkmilləşdirilir, daha sərt olur. Bu, dövlət qulluqçularının rəqabət qabiliyyəti baxımından zəruridir. Onlar özəl sektorda çalışanlar üçün nümunə olmalıdırlar”.

Rasim Babayev