Azərbaycanda ipoteka kreditinin həcmi tarixi maksimuma çatdı

11:27 03-08-2019 527

2019-ci ilin birinci yarısında Azərbaycanda banklar dövlət xətti ilə 100,7 milyon manat məbləğində ipoteka kreditləri verib ki, bu da ötən ilin altı ay üzrə göstəricisindən 14,2% azdır.

Bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Azərbaycanda banklara ipoteka kreditləri dövlət xətti üzrə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilir.

Bununla yanaşı, 6 ay ərzində kreditlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 20 mln. manat ayrılıb, daha 40 mln. manat fond tərəfindən buraxılmış istiqrazların payına düşüb, qalan hissə isə yenidən maliyyələşdirmə hesabına olub.

İpoteka kreditləri üzrə faiz dərəcəsi azalmağa davam edir və iyunun sonuna 6,49% təşkil edib. İlin əvvəlində bu göstərici 6,55% olub. Kreditlər orta hesabla 281 ay müddətinə (ilin əvvəli ilə müqayisədə dəyişikliklər olmadan) verilir, onlar üzrə aylıq ödənişlər 351,8 manat (347,3 manat) təşkil edir.

İyunda bankların verdiyi bir ipoteka kreditinin həcmi rekord göstəriciyə çatıb – bir borcalana orta hesabla 50 182,3 manat. Bu, fondun bütün fəaliyyəti ərzində, yəni 2006-cı ildən bəri ən yüksək göstəricidir.

Azad Həsənli