Salyanda “Şərqin unudulmaz döyüşü” - Əmir Yaqub bəyin qəhrəmanlığı

14:00 04-08-2019 462

Tarixən Azərbaycanın bütün bölgələrində hər qarış torpaq uğrunda işğalçılara qarşı ölüm-dirim savaşı gedib. Salyan döyüşü də məhz belələrindən biridir. Lakin 213 il öncə baş verən bu hadisə istər çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində saxtalaşdırılıb, gəncəli Cavad xan kimi, Salyan hakimi Əmir Yaqub bəyin də qəhrəmanlığını xalqın yaddaşından silməyə çalışıblar.

Qərb tarixçilərinin “Şərqin unudulmaz döyüşü” adlandırdığı Salyan döyüşü haqqında məlumatlara bu günə kimi yerli mənbələrdə, demək olar, rast gəlinməyib. Bu barədə maraqlı faktlar görkəmli fransız tarixçisi Yan Yuniorun çar Rusiyası ilə İran arasında 1804-1813 və 1826-1828-ci illərdə davam edən müharibələrin tarixi haqqında “Unudulmuş qəhrəmanlar” kitabında üzə çıxıb. Tanınmış yazıçı Əlibala Hacızadənin fars dilindən tərcümə etdiyi bu kitabda Salyan döyüşünün 1806-cı ilin payızında Kürün Şirvan tayında baş verdiyi bildirilir.

1777-ci ildə Polşada talançı və insan qanı axıtmaqla məşhur olan, 1780-ci ildə isə İzmayıl qalasında türklərə qarşı xüsusi amansızlıq göstərən çar generalı Pyotr Fyodroviç Nebolsin Salyanı işğal etmək üçün şəhərə qoşun yeridir. O vaxt Əmir Yaqub bəy Salyana hakimlik edirdi. 

Tarixçi-tədqiqatçı Sahib Həsənovun dediyinə görə, səfərbərlik zamanı xeyli sayda könüllü toplanılır. Lakin silah-sursat çatmırdı, eyni zamanda, insanlara təlim keçməyə imkan və fürsət yox idi. Nebolsin güman edirdi ki, Əmir Yaqub bəyin təlim görməmiş könüllülərdən və təcrübəsiz cavanlardan ibarət əsgərlərini bir həmlədə mühasirəyə alıb məhv edəcək. Nebolsinin düşündüyü kimi olmur. Salyan qoşunu Əmir Yaqubun başçılığı altında çox ciddi müqavimət göstərir, hətta düşməni geri oturdular. 

İkinci gün taktikanı dəyişən Nebolsin Əmir Yaqub bəyin əsgərlərini top atəşinə tutdurur. Topdan necə müdafiə olunacaqlarını bilməyən salyanlı döyüşçülər əsl qəhrəmanlıq nümunəsi göstərirlər. Buna baxmayaraq Nebolsinin qoşunları sağ cinahı yararaq onları mühasirəyə ala bilir.

General Nebolsin salyanlıları mühasirəyə aldıqdan sonra onlara iki dəfə təslim olmaq haqqında ultimatum verir. Lakin Salyan hakimi Əmir Yaqub bəy heç vaxt təslim olmayacaqlarını və son ana qədər vuruşacaqlarını bildirir.

O, əsgərlərinə deyir: “Üstünə ilk dəfə ayaq basdığınız və indi uğrunda vuruşduğunuz bu torpaq sizin namusunuzdur. Əgər bu torpağı əldən versəniz, elə bilin ki, öz namusunuzu əldən vermisiniz. Ömrünüzün axırına qədər başıaşağı və lənətlənmiş olacaqsınız. Hər əsgər hansı nöqtədə vuruşursa, orada ölənə qədər möhkəm dayanmalıdır”.

Əmir Yaqub bəyin əsgərləri bu qeyri-bərabər döyüşdə əsl qəhrəmanlıq göstərirlər. Həmin döyüşdə Əmir yaralansa da, düşmənə təslim olmur, düşmənin ikinci gülləsinə tuş gəlir və bir daha ayağa qalxa bilmir. İki gündən sonra o, dünyasını dəyişir. Beləliklə, Nebolsin Salyanı işğal edir.

Salyan işğal olunsa da, salyanlılar həmin iki gündə necə qəhrəman və iradəli kişilər olduqlarını nümayiş etdirdilər.

Fransız tarixçinin Salyan əhalisi haqqında yazdığı bu səmimi fikirlər Azərbaycan tarixçilərini hərəkətə gətirməli, yeni tədqiqatlara ruhlandırmalıdır. Çünki Azərbaycanın qəhrəmanlıq tarixini biz xaricdən deyil, onlar bizdən öyrənməlidir. Bu tarixin dərindən öyrənilməsi isə gənclərin vətənpərvər ruhda böyüməsinə stimul verə bilər.