Allahverdi Yolçuyevdə “Parkinson” aşkarlandı: Maddi imkanım yoxdu, dərmanlar da işə yaramır

19:18 04-08-2019 708

Məşhur aktyor Allahverdi Yolçuyevin səhhətində ciddi problemlər yaranıb.

Tanınmış aparıcı Hacı Nuran aktyora baş çəkib və onunla bağlı şəxsi “İnstagram” hesabında məlumat paylaşıb.

HerGun.Az-ın əməkdaşı səhhətində yaranmış problemlə bağlı A.Yolçuyevlə əlaqə yaradıb.

O, son günlər vəziyyətinin daha da pisləşdiyini söyləyib: “Əllərim, barmaqlarım dayanmadan əsir, həkimlərin diaqnozuna görə, “Parkinson” xəstəliyidir. İki ildir ki, xəstəliyimlə bağlı döymədiyim xəstəxana qapısı qalmayıb. Həkimlərin yazdığı dərmanlar da işə yaramır, səhhətim günbəgün daha da pisləşir. Heç bilmirəm bu xəstəliyin çarəsi Bakıda var, yoxsa yox?”

Aktyor bu xəstəliyin onun işinə də mane olduğunu vurğulayıb: “İş qabiliyyətimi də getdikcə itirirəm. Yalnız aradabir gedib, dublyaja baş çəkirəm. Maddi imkan da o dərəcədə deyil ki, müalicəmi davam etdirim. Tək istəyim tezliklə sağlamlığıma qovuşmaqdır”.

Rəşad Əliyev