“Sabah” Çempionlar Liqasında çıxış etmiş klubla müqavilə bağladı

14:54 05-08-2019 403

“Sabah” futbol klubu (FK) Xorvatiyanın məşhur komandası, UEFA Çempionlar Liqasının iştirakçılarından olmuş “Dinamo” (Zaqreb) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

HerGun.Az xəbər verir ki, müqavilə hər iki klubun akademiyalarını əhatə edəcək. Belə ki, anlaşmaya əsasən, “Sabah” Futbol Akademiyası (FA) Xorvatiyanın ən böyük futbol məktəbi olan “Dinamo” Futbol Akademiyasının təcrübəsindən bəhrələnəcək. Bu əməkdaşlıq “Sabah”a yeni oyunçular yetişdirmək, klubun akademiyasının məşqçilərinin təcrübəsini artırmaq istiqamətində böyük imkanlar verəcək.

Klublar arasında imzalanmış müqaviləyə əsasən, “Sabah” FA-nın və “Vətən” Futbol Məktəbinin (FM) sistemini “Dinamo” FA müəyyənləşdirəcək. Məhz Zaqreb təmsilçisinin akademiyasından cəlb olunmuş mütəxəssislər akademiyamızda yeni, Avropa standartlarına uyğun sistemin formalaşmasını təşkil edəcəklər.

“Sabah” və “Dinamo” arasında əməkdaşlıq bir neçə istiqaməti əhatə edəcək. Onlardan bəziləri aşağıdakılardır:

  • “Dinamo” Futbol Akademiyasının mütəxəssisi Adino Mustedanaqiç Bakı klubununun futbol məktəbinin koordinatoru olacaq. O, yeni sistemin akademiyaya tətbiq edilməsinə birbaşa nəzarət edəcək.
  • Mustedanaqiçlə yanaşı, fiziki hazırlıq üzrə mütəxəssis və bir məşqçi ilə üç illik müqavilə bağlanacaq. Hər üç mütəxəssis bu müddət ərzində ölkəmizdə yaşayaraq akademiyada daimi fəaliyyət göstərəcəklər.
  • Əməkdaşlıq çərçivəsində “Dinamo” FA-nın məşqçilərinin akademiyada çalışması, öz biliklərini yerli məşqçilərlə paylaşması planlaşdırılır.
  • Akademiyanın uşaqları “Dinamo” FA-da təcrübə keçmək fürsəti qazanacaqlar.
  • “Sabah”ın aşağı yaş qrupları “Dinamo”nun təşkil etdiyi nüfuzlu turnirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
  • “Dinamo” FA-nın sistemi tədricən “Sabah” FA və “Vətən” FM-ə tətbiq ediləcək.

İki klub arasında anlaşma “Dinamo”nun ev oyunlarını keçirdiyi “Maksimir” stadionunda gerçəkləşib. Tədbirdə Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov, klubun seleksiya xidmətinin rəhbəri İlqar İsrafilov, “Dinamo” klubunun prezidenti Mirko Barişiç, İdarə Heyətinin sədri Vlatka Peras, İdarə Heyətinin üzvü Amra Peternal, futbol məktəbinin direktoru Damir Krznar və onun köməkçisi Ancelko İvanko iştirak ediblər.

Tədbirin sonunda “Sabah” FK prezidenti Maqsud Adıgözəlov və “Dinamo” FK-nın prezidenti Mirko Barişiç bir-birinə klub atributlarını təqdim ediblər.