Ermənistanda hakimiyyət uğrunda təkcə Koçaryanla Paşinyan deyil, iki sosial qrup savaşır - MÜSAHİBƏ

17:09 05-08-2019 501

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun HerGun.Az-a müsahibəsi: 

- Fuad müəllim, bu il iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü oldu. Ermənistan-Azərbaycan. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı aparılan danışıqların hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan danışıqlara hazır olduğunu bütün vasitə və imkanlarla göstərib. Rəsmi Bakı danışıqların məhz fundamental nəticələr, mahiyyət üzrə, substantiv həll üzrə getməsinin tərəfdarıdır. Azərbaycan bu mövqeyini müxtəlif formalarda ifadə edib. Danışıqların hazırkı vəziyyəti belədir ki, “top” Ermənistan tərəfdədir.

- Paşinyan hakimiyyətinin münaqişənin həlli ilə bağlı mövqeyi bəllidir. Ancaq Ermənistandakı daxili qüvvələr də Qarabağ məsələsində Paşinyana güzəştə getmirlər. Bu, danışıqlar prosesinə necə təsir edir?

- Ermənistanda Nikol Paşinyanın qətiyyətli addımlar atmasına mane olan bir çox faktorlar var. Ermənistanda hakimiyyətdaxili çəkişmələr gedir. Paşinyan hakimiyyəti əlində tam şəkildə konsolidasiya edə bilməyib. Köhnə iqtidar, xüsusilə də “Qarabağ klanı” Qarabağ münaqişəsini hazırkı hakimiyyətə qarşı bir təsir vasitəsi kimi istifadə edir. Ona görə də Azərbaycan tərəfi strateji səbrlə qarşı tərəfin hansı nöqtəyə gələcəyini gözləyir.

- Hakimiyyətdaxili mübarizə Ermənistanda tez-tez etirazlarla, mitinqlərlə də müşayiət olunur. Daxili çəkişmələr isə Ermənistanı Qarabağ cəbhəsində, hətta Azərbaycan-Ermənistan sərhədində təxribatlardan çəkindirmir.

- Qarabağ cəbhəsindəki, sərhəddəki təxribatların Ermənistanın daxilindəki siyasi vəziyyətlə bağlı olduğunu da ehtimal etmək olar. Paşinyan belə bir ifadə ilə çıxış etmişdi ki, Qarabağda bəzi qruplar hərbi əməliyyatlar planlaşdıraraq, müəyyən əraziləri Azərbaycana verərək onu xəyanətkar kimi qələmə vermək istəyirlər. 

Ermənistanda güc strukturlarında müəyyən bir klan formalaşıb. Paşinyan hələ bu güc strukturlarına nəzarəti tam əlinə keçirə bilmir. Daxili çəkişmələr fonunda Ermənistandakı müəyyən qruplar sərhəddə təxribatlar törədirlər ki, son nəticədə Paşinyanı pis vəziyyətdə qoysunlar.

Ermənistan sərhəddə təxribat törədərək Azərbaycanı təhrik edir ki, cavab versin və bununla da bizi “aqressiv” kimi qələmə versin.

- Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun üç həmsədr dövləti çalışır. Sualı belə verək: Azərbaycan bu həmsədrlərdən daha çox hansına etimad göstərir - Rusiyaya, ABŞ-a, yoxsa Fransaya?

- Azərbaycan heç birinə etimad göstərmir. Hər üç ölkədə güclü erməni lobbisi var. Hər üç ölkənin müəyyən zaman kəsimində maraqları Azərbaycanın mövqelərinə yaxınlaşa bilir. Bəzən isə bu, uzaqlaşma ilə müşayiət olunur. ABŞ-la bağlı onu bildirək ki, Donald Tramp hakimiyyətə gələndən sonra Azərbaycanla yaxınlaşma müşahidə edilir. Ancaq bunu ümumilikdə ABŞ-ın region və münaqişə siyasətini dəyişməsi kimi ifadə etmək olmaz. Çünki biz ABŞ-da 2020-ci ildə kimin prezident seçiləcəyini və onun siyasətinin necə olacağını bilmirik. 

ABŞ bu yaxınlarda Azərbaycan sərhədlərinin müdafiəsi və möhkəmləndirilməsi üçün 100 milyon dollar ayırdı. Amerikadakı erməni lobbisi buna görə çox məyusdur. Onlar bu qədər vəsaitin Azərbaycana ayrılması məsələsinə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ötən il regiona gerçəkləşdirdiyi səfər prizmasından baxırlar.

Bolton ötənilki səfəri zamanı elə mesajlar verdi ki, Ermənistan rəhbərliyini, Paşinyanı çox pis vəziyyətdə qoydu. Bolton səfəri ərəfəsində belə bir ifadə işlətdi ki, Ermənistanda vaxtından əvvəl keçirilən seçkilərdən sonra Paşinyan və onun komandası münaqişənin həlli ilə bağlı qətiyyətli addım atmağa hazır olmalıdır. Boltonun bu bəyanatı Paşinyanı özündən çıxardı.

Bundan əlavə, ötən il ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Millz ölkəni tərk etməmişdən öncə Ermənistan mətbuatına rezonans doğuran bir müsahibə verdi. Riçard Millzin açıqlamaları Ermənistan cəmiyyətində və erməni diasporunda bomba effekti doğurdu. Onun müsahibəsində iki mühüm məqam var idi. Birincisi, səfirin sözlərinə əsasən, konfliktin həlli üçün hər hansı ərazilər boşaldılmalıdır. İkinci mesajı isə bu oldu ki, Ermənistanın düşdüyü hazırkı iqtisadi durum məhz münaqişənin doğurduğu nəticələrdir.

- Son zamanlar həmsədr dövlətlərdən daha çox Rusiya və ABŞ-ın təşəbbüslərini görürük. Fransa isə sanki seyrçi, passiv mövqedədir. Fransanın konfliktin həllinə belə yanaşma siyasətinin səbəbi nədir?

- Fransanın hazırda Avropa İttifaqı daxilində kifayət qədər problemləri var. Rəsmi Parisin regionda aktiv olması üçün burada böyük iqtisadi maraqları olmalıdır. Düzdür, Parisin müəyyən maraqları var, ancaq bu, bir o qədər də deyil ki, regionun digər oyunçuları ilə üz-üzə gəlsin və buna enerji sərf etsin.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan diplomatiyasının səyi və uğuru nəticəsində Fransanın ayrı-ayrı şəhərləri işğal altındakı ərazilərimizdə yaradılmış rejimlə müqavilələri ləğv etdilər. Bu da Ermənistanın xarici siyasətinə və erməni diasporuna böyük zərbədir. 

- ABŞ-ın İrana qarşı sanksiyalarından sonra rəsmi Tehran Ermənistana “nəfəslik” ola bilmir. Paşinyan son zamanlar İrana “pas” atsa da, Tehran ona müsbət cavab vermədi. Sizcə, İranla bağlı məsələlər Ermənistanı hansı duruma salacaq? 

- Bu günlərdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın mətbuata müsahibəsi oldu. O, müsahibəsində Ermənistanın hazırkı geosiyasi vəziyyətini çox yaxşı ifadə etmişdi.

Ermənistan sərhədlərinin 83 faizi bağlıdır. Koçaryan deyir ki, Ermənistanın cəmi iki çıxışı var – biri Gürcüstan, biri də İran. İranla bağlı məsələ odur ki, ABŞ-la gərginlik artır, İranın Ermənistana yardımı, dəstəyi çətinləşir. Gürcüstanla bağlı problem isə ondan ibarətdir ki, rəsmi Tbilisi Qərb institutlarına inteqrasiyaya üz tutub.

Bununla da Ermənistanın blokadası güclənir və vəziyyət daha da pisləşə bilər. Koçaryanın dediyinə görə, Ermənistan regional infrastruktur, nəqliyyat layihələri üçün cəlbedici məkan deyil, bölgədə unudulmuş bir dalana çevrilib. Azərbaycanın apardığı təcrid siyasəti də bu məsələdə böyük rol oynayır.

- Koçaryan Ermənistanda yenidən rəhbərliyə gələ, daha doğrusu, baş nazir ola bilərmi? 

- Qanuni prosedurlarla məhdudiyyət yoxdursa, siz dediyiniz baş verə bilər. Qanuni məhdudiyyətlər olsa belə, lazım gələrsə, həmin qanunlar dəyişdirilər. Koçaryan tək özünü deyil, müəyyən qrupu təmsil edir. Əsas favorit isə özüdür. Onlar Paşinyanı hakimiyyətdən uzaqlaşdırdıqdan sonra Koçaryan, ya da hansısa qrupun təmsil etdiyi şəxsin rəhbər vəzifəyə keçməsi formal bir məsələ olar. Hazırda isə mübarizə təkcə Koçaryanla Paşinyan arasında deyil. Bu, iki sosial qrupun hakimiyyət uğrunda savaşıdır.

Aqşin Kərimov