Aqrar sığorta eksperti olmaq istəyənlərin NƏZƏRİNƏ

14:40 09-04-2021 496

Azərbaycanda fəaliyyət göstərən baytar, aqronom və akvakultura mütəxəssislərinin yeni peşəyə yiyələnməsi üçün imkan yaranıb.

Aqrar Sığorta Fondundan HerGun.Az-a verilən məlumata əsasən, dövlət tərəfindən tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində müstəqil aqrar sığorta eksperti olmaq istəyənlər üçün test imtahanı başlayır.

Bildirilib ki, müstəqil aqrar sığorta ekspertlərinin xidmətləri ödənişlidir. Göstərdikləri xidmət müqabilində onlara Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara baxış üçün qət etdikləri məsafəyə görə yanacaq pulu verilir.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən imtahanlarda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aprelin 8-dən mayın 8-dək aparılacaq.

Test imtahanı iştirakçıların sayı, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq kağız daşıyıcılar vasitəsi ilə və ya xüsusi ayrılmış zallarda kompüter vasitəsi ilə elektron formada keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”in yaradılması və istifadə qaydasına müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahanda iştirak ödənişlidir. “Şəxsi kabinet” yaradan namizədlər 94,40 manat (ƏDV daxil olmaqla) məbləğində ödəniş etməlidirlər.