Pul söhbəti üç qurumu “üz-üzə” gətirdi

12:00 10-04-2021 474

Azərbaycanda üç qurum ölkədən nağd valyuta çıxarılması məsələsində hərəsi özünü haqlı sayan arqumentlərlə çıxış edir.

Söhbət ondan gedir ki, Hesablama Palatasının 2020-ci il üzrə hesabatında ölkədən 1,1 milyard manatlıq valyutanın gömrük rəsmiləşdirilməsi olmadan ölkədən çıxarılması qeyd olunub.

Auditlə əhatə olunan dövrdə yeddi rezident bank tərəfindən ümumilikdə ölkə ərazisindən kənara “müxbir hesaba göndəriş” adı altında 1,1 milyard manatlıq xarici valyuta vəsaitləri ixrac olunub.

Yəni, Hesablama Palatası bunun qanunsuz olduğunu bəyan edir və ya yumşaq deyilsə, nöqsan kimi tanıdır.

Mərkəzi Bank isə hesab edir ki, bu prosesdə qeyri-qanuni bir məqam yoxdur və rəqəmlər 2019-cu il üzrə fəaliyyəti əks etdirir.

Mərkəzi Bank qeyd edilən faktları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan yoxlamalar çərçivəsində gömrük inzibatçılığı sahəsindəki natamamlıqlar kimi dəyərləndirir.

Nəhayət, Dövlət Gömrük Komitəsi aprelin 9-da susqunluğunu pozur. Gömrük Komitəsi isə gömrük inzibatçılığı sahəsində natamamlıqların olması iddiaları ilə razılaşmır.

Burada Gömrük Komitəsi dolayı da olsa Mərkəzi Bankı günahlandırır, çünki məhz Mərkəzi Bank Hesablama Palatasının hesabatından yola çıxaraq “natamamlıq” qənaətinə gəlmişdi.

Gömrük Komitəsi açıqlamasının digər yerlərində isə Mərkəzi Banka dəstəyini ifadə edir. Yəni Mərkəzi Bankın 1,1 milyard manatlıq valyutanın çıxarılmasına dair açıqlaması tamamilə düzgün və məntiqlidir.

Gömrük Komitəsi Hesablama Palatasını da təkzib edir. Bildirir ki, həmin valyuta vəsaitlərinin ölkədən ixrac faktları üzrə gömrük bəyannamələri mövcuddur.

Hesablama Palatası isə bildirirdi: “Bu pul vəsaitlərinin də son təyinat ünvanı olan xaricdəki bankların müvafiq müxbir hesablarına mədaxilini nəzərdə tutan təsdiqedici sənədlər gömrük rəsmiləşdirilməsi prosesində mövcud olmayıb”.

Gömrük Komitəsi bu amili qeyri-qanuni hesab etmir. Bildirir ki, Dövlət Gömrük Komitəsinin ixrac edilən hər hansı malın, o cümlədən nağd valyuta vəsaitin təyinat ünvanına çatıb-çatmamasına nəzarət etmək kimi funksiyası və öhdəliyi yoxdur.

“Nağd vəsaitin xaricə göndərilməsi halında isə kommersiya banklarının bu ixrac əməliyyatları onların balansında mütləq əks olunur və nağd vəsaitlərin balans hərəkətinə nəzarət aidiyyatı qurumun funksiyalarına aiddir”, - deyə açıqlamada qeyd olunur.

Hansı qurumun mövqeyi düzgündür? İndi dəqiq bir cavab vermək çətindir. Aprelin 13-də Milli Məclisin iclasında Hesablama Palatasının illik məruzəsinin müzakirəsi zamanı yəqin ki, bu məsələyə diqqət ayrılar və üç qurumun ayrı-ayrı izahatına ümumi bir rəy və aydın izah verilər.

Aqşin Kərimov