Həmsədrlərin boşa çıxan səyləri – ŞƏRH

17:00 13-04-2021 406

ATƏT-in Minsk Qrupunun həmsədr institutunun bundan sonrakı statusu və fəaliyyət dairəsi çoxlu suallarla zəngindir. Azərbaycan İkinci Qarabağ Müharibəsində qələbə qazandıqdan sonra həmsədrlər özlərini yeni mandata mindirmək istəyirlər. Lakin səyləri boşa çıxır.

Məsələ burasındadır ki, həmsədrlər – ABŞ, Rusiya, Fransa -  münaqişənin bitdiyi ilə üzdə razıdırlar. Həmsədrlər indi də postmüharibə dövrünün “münaqişəsi”ndən və ya davamlı sülhdən qazanclı çıxmaq niyyətlərini gündəliyə gətirirlər.

Əbəsdir, çünki həmsədrlər özlərinə olan etibarı çoxdan itiriblər. Münaqişə davam edən müddətdə həlledici və əsaslı nəticələrə gətirib çıxaran fəaliyyətləri olmayıbsa, müharibə bitdikdən sonrakı səyləri el dili ilə desək toydan sonra nağaradır.

Həmsədrlərin münaqişə dövründə regiona turist səfərlərinə, şablon bəyanatlar səsləndirməsinə dair uzun-uzadı giriş verməyə lüzum yoxdur.

Münaqişə zamanı ağlabatan praktiki nəticələr əldə olunmasının qarşısında sipər olan həmsədrlərin indiki təlaşı isə anlaşılandır. “Necə yəni, məgər biz bundan sonra heç nə edəsi deyilikmi” – həmsədrlərin özlərinə verdikləri sualları sadə formaya salsaq belə deyə bilərik.

Etibarı sıfırın altında iməkləyən həmsədrlərin perspektiv fəaliyyətinə dair dəqiq izah vermək də çətindir. Prosedura görə, Minsk Qrupunun buraxılması konsensusla həll edilməlidir, bu isə hələlik mümkün görünmür. Səbəbi isə budur ki, Minsk Qrupuna üzv 11 ölkədən dördü – ABŞ, Rusiya, Fransa və Ermənistan bunu istəmir.

Həmsədrlər Vətən müharibəsində də Azərbaycana qarşı qərəz və ədalətsiz mövqe nümayiş etdirib – bu “sülh” bağıran tərəf üçün ziddiyyətin dibidir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında deyib ki, Minsk Qrupuna həmsədrlik edən ölkələr müharibə gedə-gedə Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasını təşkil ediblər.

“Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr”, - deyə Prezident bildirib.

Minsk Qrupunun həmsədrləri həm özlərinə vaxt qazanmaq, həm də Ermənistana zaman qazandırmaq üçün 2016-cı il Aprel döyüşlərindən sonra səylərini birləşdirir.

Belə ki, Aprel müharibəsi dayanandan bir ay sonra Vyanada artıq Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşü keçirilib.

“Nə üçün o vaxta qədər bu səviyyədə görüş keçirilmirdi? Amma Aprel döyüşlərində biz ermənilərin başına bir zərbə vurandan dərhal sonra may ayında görüş keçirildi. İyun ayında Rusiyada Zirvə görüşü keçirildi”, - deyə İlham Əliyev söyləyib.

Nəticə kimi deyə bilərik: Ermənistan Bakının təqdim etdiyi fürsətlərdən yararlanmaq əvəzinə, revanşizmi alovlandıracaqsa, Azərbaycan dost və tərəfdaş ölkələrin siyasi dəstəyi ilə bundan sonra da lazım olan addımları atacaq.

Vətən müharibəsində olduğu kimi, burada da Minsk Qrupunun həmsədrlərindən icazə almayacaq.

Aqşin Kərimov