Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib - FOTO

03:00 14-04-2021 301

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən plana uyğun olaraq Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə orta təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə xüsusi ixtisaslar üzrə mütəxəssis hazırlığının daha səmərəli təşkil edilməsi üçün silsilə tədbirlər davam etdirilir.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Masallı rayonunda yerləşən tam orta məktəblərdə fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri ilə “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda vebinar geniş müzakirələrlə və iştirakçıların fəallığı ilə baş tutub.

Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin gənclərin vətənpərvərlik tərbiyəsi məsələsi ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrası baxımından çağırışaqədərki hazırlıq işinin əhəmiyyətini konkret faktlarla əsaslandırıb. O, bildirib ki, çağırışaqədərki hazırlıq dərsləri şagirdlərin Vətənə bağlılığını artırır, onları mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlayır. Orta təhsil müəssisələrində hərbi biliklərə yiyələnmə, gənclərin peşəkar hərbçi kimi yetişməsində mühüm əhəmiyyət daşıyır. Qeyd edib ki, çağırışaqədərki hazırlıq fənnini tədris edən müəllimlər Silahlı Qüvvələrdə əsgərin həyatını, hüquq və vəzifələrini yaxından bilən, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini və onları hərbi xidmətə düzgün hazırlamasını həyata keçirəcək hərbi vəzifəlilər arasından seçilir.

Vebinarda iştirak edən Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov bildirib ki, çağırışaqədərki hazırlıq rəhbərləri dərs prosesini müasir tələblərə uyğun qurmaları istiqamətində qabaqcıl təlim-tədris təcrübələrini bölüşmələri və yaymaları üçün yeni bir platforma əldə ediblər. Bu platforma onların peşəkarlığının artırılmasına, çağırışaqədərki hazırlıq fənnini tədris edənlərin ictimai nüfuzunun yüksəldilməsinə xidmət edir.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov Azərbaycan Gənclər Fondunun tərəfdaş kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb. Qarşıdakı dövr üçün bu sahədə daha fəal iş aparılacağını bildirib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisi polkovnik-leytenant Vəli Rzayev gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində rayonda həyata keçirilən işləri qeyd edib. Rayonun orta təhsil müəssisələrində peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında aparılan işlərdən bəhs edib.
Vebinarda Masallı şəhər 6 saylı tam orta məktəbin, rayonun Təzəkənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbərləri Cəmaləddin Məmmədov və Amil Fərəcov çıxış edərək öz təcrübələrini bölüşüblər.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.