Renat Dadaşov: Menecerim zəng edəndə elə bildim ki, zarafat edir

18:27 06-08-2019 539

“Vulverhempton”la müqavilə bağladığım üçün çox şad və eyni zamanda çox həyəcanlıyam. Bu klub gözəl klubdur. “Canavar” olmaq inanılmazdır. Ona görə də burda olmaqdan çox xoşbəxtəm.

Bunu ləqəbi “Canavarlar” (Wolves) olan “Vulverhempton”un rəsmi saytına azərbaycanlı futbolçu Renat Dadaşov deyib. 20 yaşlı oyunçu dörd illik müqavilə bağladığı Vulverhempton klubundan necə təklif gəlməsindən danışıb:

“Menecerim mənə zəng edib “Vulverhempton”un mənimlə müqavilə bağlamaq istədiyini dedi. Mən də “doğrudan? Bu, doğrudur? Sən mənimlə zarafat etmirsən ki?” dedim. O dedi ki, bəli, bu, doğrudur. Beləliklə, qərar verməyim asan oldu.

Ancaq indi hər şeyin əla olacağı icarəyə gedəcəyəm. Növbəti mövsüm bura daha güclü oyunçu kimi qayıda bilərəm.

Hər futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyir. Bu mənim üçün dünyada ən yaxşı liqadır. Ötən mövsüm “Vulverhempton”un necə çox möhtəşəm mövsüm keçirdiyini gördüm. Bu kluba keçməyim həqiqətə çevrilən arzumdur”.

O, növbəti mövsümün sonunda icarədən qayıtdıqdan sonar “Vulverhempton”da heyətə düşməsi ilə bağlı isə bunları deyib:

“Düşünmürəm ki, asan olacaq. Ancaq oynamaq üçün yol tapacağam. Çünki hər yerdə sənin üçün yeni dəyişiklik olur. İngiltərə gözəl ölkədir. Burda çoxlu yaxşı insanlar var. Ona görə də düşünmürəm ki, burda çoxlu problemim olsun.

Mənim üçün ilk şey komandaya kömək etməyə çalışmaqdır. İstər meydanda, istərsə də meydandan kənarda kluba yaxşı insan kimi kömək edəcəyəm”.

Renat Dadaşov daha sonra Almaniyada yaşayan azərbaycanlı ailəsindən bəhs edib:

“Biz idmanda çox fəal ailəyik. Atam su polosu oynayıb, anamsa həndbol. Bacım 16 yaşına kimi futbol oynayıb. Qardaşımsa (millimizdə oynamış Rüfət Dadaşovu nəzərdə tutur – S.M.) Almaniya III divizionunda çıxış edir.

Sonuncu dəfə Azərbaycan millisində olarkən ilk belə hal idi ki, həm mən, həm də böyük qardaşım bir komandada oynayırdıq. Bu mənim üçün inanılmaz idi. Çünki qardaşımla birgə ölkəmi təmsil etmək həyatımın ən yaxşı hisslərindən biri idi”.

Xatırladaq ki, ötən mövsüm Portuqaliyanın I divizion klubu “İşturil”də çıxış etmiş Renat Dadaşov növbəti mövsüm icarə əsasında “Pasuj di Fireyra”da oynayacaq.

Səbuhi Musayev