Ermənilərin yalnız 3 faizi azərbaycanlılarla dinc yanaşı yaşamağı mümkün hesab edir

14:20 19-04-2021 452

“Ermənistanda yetkin əhalinin 72 faizi ermənilərin və azərbaycanlıların birlikdə yaşaya biləcəyinə inanmır, 3 faiz isə bunu mümkün hesab edir”.

Civilnet.am xəbər verir ki, bu barədə Qafqaz Tədqiqat Resurs Mərkəzinin Ermənistan Fondunun tədqiqatının nəticələrində qeyd olunub.

Sorğuda 18 və yuxarı yaş qrupuna aid 1 100 Ermənistan vətəndaşı iştirak edib.

Sorğu bu ilin 12 martında başlayıb və 13 gün davam edib.

Nəticələrə görə, sorğuda iştirak edən ermənilərin 36 faizi Qarabağda hərbi əməliyyatların təkrarlanma riskinin olduğunu düşünür, 24 faiz hesab edir ki, müharibə bitməyib.

Eyni zamanda 18 faiz hesab edir ki, yeni müharibə bu il ərzində istənilən vaxt başlaya bilər, 13 faiz respondent növbəti hərbi toqquşmaların qarşıdan gələn beş il ərzində başlaya biləcəyinə inanır.

Sorğuda iştirak edənlərin 22 faizi yeni müharibə riskini görmür, 16 faiz cavab verməkdə çətinlik çəkir.

Respondentlər Qarabağ münaqişəsinin gələcək həllini bir neçə əsas oyunçunun fəaliyyəti ilə əlaqələndirirlər.

35 faiz bu prosesin Ermənistan hökumətindən, 33 faiz Rusiyadan, 32 faiz dünya supergüclərindən (ABŞ, Rusiya, Çin, Avropa İttifaqı) asılı olduğunu düşünür.

Ermənistan sakinlərinin demək olar ki, yarısı (49 faizi) hesab edir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti Qarabağ münaqişəsinin gələcək həllində mühüm yer tutur.

Eyni zamanda, respondentlərin 21 faizi ATƏT-in Minsk qrupunun fəaliyyətini əhəmiyyətli hesab etmir.

Əhalinin 19 faizi bu məsələyə münasibət bildirməkdə çətinlik çəkib.

Qarabağ probleminin son həll yoluna münasibət bildirən respondentlər Qarabağın Ermənistanla birləşməsini və ya “Qarabağın müstəqilliyini” ən məqbul variant hesab edirlər.

Respondentlərin 35 faizi ilk cavab olaraq “Qarabağın Ermənistanla birləşməsi” variantını qeyd edib, eyni faiz “Qarabağın müstəqilliyi”ni məqbul hesab edir.

Respondentlərin ikinci üstünlük verdikləri variant (təqribən 39 faizi) Qarabağa Rusiya Federasiyası daxilində xüsusi status verilməsidir.

Ermənistanın ərazi məsələsindəki ümumi hədəflərinə gəlincə, ermənilərin 30 faizi hesab edir ki, bu məsələdə Qarabağ müharibəsindən əvvəlki ərazilər əsas götürülməlidir.

22 faiz Dağlıq Qarabağ Muxtar Vilayətinin(SSRİ dövründəki - red) keçmiş sərhədlərini qaytarmağın vacibliyini düşünür. Yalnız 20 faiz mövcud sərhədlərin qorunmasının vacibliyini qeyd edib.

Respondentlərin dörddə biri bu suala cavab verməkdə çətinlik çəkib və ya ümumiyyətlə cavab verməkdən imtina edib.

Ermənilərin yarısından çoxu (53 faizi) Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının açılmasına mənfi münasibət sərgiləyiblər. Ermənilərin yalnız 4 faizi nəqliyyat xətlərinin açılmasına tam müsbət yanaşıb.

Eyni zamanda, respondentlərin 59 faizi Zəngəzur nəqliyyat dəhlizinin işə salınacağı təqdirdə Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaranacağını düşünür. 12 faiz isə bunun iqtisadi inkişafa zəmin yaradacağına inanır.

Respondentlərin 20 faizi isə bu sualı cavablandırmaqda çətinlik çəkib və ya ümumiyyətlə imtina ediblər.

Respondentlərin 28 faizi Qarabağdakı rus sülhməramlılara “tamamilə etibar etdiklərini”, 25 faiz isə qismən etibar etdiklərini deyib. Respondentlərin 25 faizinin ümumiyyətlə etibar etmədikləri məlum olub.

Eyni zamanda, ermənilərin 47 faizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmanın beş illik müddəti bitdikdən sonra Rusiya sülhməramlılarının Qarabağda qalacağına inanır.

10 faiz isə belə düşünmür, 35 faiz bu suala cavab verməkdə çətinlik çəkib.