Qarabağın elektrik təchizatı ilə bağlı son vəziyyət: Şuşa yarımstansiyası hazırdır

15:20 19-04-2021 365

“Suqovuşan 1”i və “Suqovuşan 2”ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir”. 

Bu sözləri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev yenidən qurulan “Hövsan” yarımstansiyasının açılış mərasimində Prezident İlham Əliyevə Qarabağda görülən işlərlə bağlı məlumat verərkən deyib. 

Onun sözlərinə görə, Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq. 

Baba Rzayev Şuşa və Şükürbəyli yarımstansiyalarının hazır olduğunu qeyd edib. 

Dövlət başçısının Kəlbəcər rayonunda aparılan işlərlə bağlı sualını Baba Rzayev belə cavablandırıb: 

“Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir”.

Prezident İlham Əliyev hava şəraitinin yaxşılaşdığını və yəqin ki, may ayından oraya getməyin asan olacağını bildirib. 

Baba Rzayev Kəlbəcərə Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xəttin çəkiləcəyini, onun artıq 100-nün qoyulduğunu diqqətə çatdırıb.