“Portu” prezidentindən Avropa Super Liqası yaradanlara cavab: “Biz bu təklifə xüsusi diqqət yetirmədik”

16:00 19-04-2021 437

Portuqaliyanın “Portu” klubu Avropa Super Liqasına qatılmaq təklifindən imtina edib.

HerGun.Az xəbər verir ki, bu barədə “Portu”nun prezidenti Jorje Nunu Pintu da Kosta bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz bu təklifə xüsusi diqqət yetirmədik. Bəzi klublardan qeyri-rəsmi müraciətlər var idi. Amma iki səbəbə görə buna çox əhəmiyyət vermədik. Birincisi, Avropa Birliyinin, məsələn, NBA-da olduğu kimi yarışları qapalı bir dövrə keçirməyə icazə verməməsidir. Portuqaliya Futbol Federasiyası UEFA-nın bir hissəsi olaraq, buna qarşıdır. Avropa Birliyi və UEFA-nın prinsip və qaydalarına zidd olan hər hansı bir işdə iştirak edə bilmərik. Əgər bu turnir keçirilsə belə, hərçənd buna şübhə edirəm, UEFA mövcudluğunu itirməyəcək və fəaliyyətinə davam edəcək. Etiraf etmək lazımdır ki, UEFA-nın təşkil etdiyi yarışlar rəsmidir. Bizi o turnirin olub-olmaması maraqlandırmır. Biz Çempionlar Liqasındayıq və uzun illər burada yarışacağımıza ümid edirik.

Biz “Bayern”, “Ayaks” və ya PSJ kimi klubların hansı tərəfdə olmasına baxmırıq. Əgər biz UEFA-ya daxiliksə, düşünə bilmərik ki, kim buradan çıxırsa, onun ardınca gedək”.

Qeyd edək ki, Almaniyanın “Bayern” və “Borusiya” (Dortmund) klublarının da Avropa Super Liqası turnirinə qatılmaqdan imtina etdiyi artıq bəllidir.

Səbuhi Musayev