Mirhüseyn Seyidov: “Aya 200-300 manat səfər xərci verirlər” - MÜSAHİBƏ

19:20 19-04-2021 33

“Neftçi” və “Keşlə”nin sabiq futbolçusu Mirhüseyn Seyidovun HerGun.Az saytına müsahibəsi

– Hazırda nə işlə məşğulsunuz?

– Özüm doğulduğum muxtar respublikada – Şərurdayam. Burada başım dincəlir, maska rejimi yoxdur. Naxçıvanda məscidlərə kimi hər yer açıqdır, ona görə bura gəlmişəm. Ramazan bayramından sonra Bakıya qayıdacağam.

– Başqa işiniz yoxdur?

– Bir futbol klubunda işləmək variantım var. Amma futboldan ömürlük uzaqlaşdırılmağıma dair qərara görə həmin klub işləyə bilməyim üçün AFFA-dan razılıq almalıdır. Alınsa, deyiblər ki, həmin klubda icraçı direktor işləməliyəm.

– Mini futbol həvəskar idman növü statusundadır və orada çıxış etməyinizdə heç bir problem yoxdur. Eşitdik ki, mini futbol üzrə millimizlə məşq keçirsiniz...

– Əslində keçən ildən oradayam. Birinci il orda çıxış etməyimə imkan verilmədi. Ötən il mini futbol millisi ilə Yunanıstana turnirə getməliydik. Düzdür, komanda viza səbəbindən ora gedə bilmədi. Amma bundan əvvəl bizə bildirildi ki, AFFA-nın qərarına görə yığma ilə səfərə gedə bilmərəm.

– Amma indi bu yığmada çıxış etməyinizdə heç bir problem qalmayıb. Necə razılıq alındı?

– Baş məşqçi Elşad Quliyevlə təşkilatçı federasiya AFFA ilə danışıb. Necə razılıq alınıbsa, onu bilmirəm. Şərura gələnədək problemsiz məşq edirdim. Aya 200-300 manat səfər xərci verirlər. Slovakiyadakı Avropa çempionatı sentyabrda olmalıdır. Amma görək həmin ölkə pandemiyaya görə turniri keçirəcəkmi?!

– Millidə başqa keçmiş futbolçulardan kimlər var?

– Elnur Abdullayevi bilirsiniz. Eşqin Quliyev, Tural Nərimanov, Tanrıverdi Məhərrəmli kimi sabiq futbolçular var heyətdə. Renat Sultanov? Futzaldan, demək olar ki, heç kim yoxdur.

– Futzaldan yalnız Vitali Borisov var...

– O daha çox məşqçi kimi işləyir. Amma deyəsən, Elşad Quliyev həm də onu oynatmaq istəyir.

– Sizinlə eyni vaxtda futboldan uzaqlaşdırılmış Nizami Hacıyev nə işlə məşğuldur?

– O da Zabratdadır. Yəqin ki yollar tam açılandan sonra ailəsini götürüb Rusiyaya gedəcək.

Səbuhi Musayev