ATƏT-in Minsk qrupu həmsədrləri birgə bəyanat yayıb

01:45 21-06-2019 704

ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) iyunun 20-də Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan ilə keçirdikləri görüşlə bağlı birgə bəyanat yayıblar.

Bəyanatda həmsədrlərin nazirlərlə əvvəlcə ayrılıqda, sonra isə birgə görüşdükləri bildirilir.

Qeyd olunur ki, onlar ABŞ dövlət katibinin Avropanın və Avrasiya məsələləri üzrə köməkçi səlahiyyətlərinin icraçısı Filipp Rikeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların statusu və bölgədəki hazırki vəziyyət barədə məlumatlandırıblar. Bildirilir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də bu görüşlərdə iştirak edib.

“Müzakirələr zamanı tərəflər bölgədə baş verən son hadisələr və nizamlanma prosesinin əsas məsələləri barədə fikir mübadiləsi aparıblar. XİN rəhbərləri vasitəçilərin regiona son səfərləri zamanı təklif etdikləri humanitar və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı gözlənti və mövqelərini ifadə ediblər”, - deyə bəyanatda bildirilir.

Vasitəçilər bəyanatlarında cəbhə zonasında baş verən insan itkisi ilə bağlı təəssüfləndiklərini bildirərək, tərəfləri təkidlə əsaslı danışıqlar üçün sülhə uyğun əlverişli mühitin bərpasından ötrü təcili tədbirlər görməyə çağırıblar.

Həmsədrlər ilə söhbət zamanı XİN rəhbərləri gərginliyin azaldılması üçün mövcud birbaşa əlaqələrdən tam şəkildə yararlanmağın vacibliyini qeyd ediblər.

Qeyd edək ki, həmsədrlərin himayəsi altında xarici işlər nazirləri yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.