Xarici valyuta alış-verişində durğunluq: Dollara tələb dəfələrlə azalıb

16:00 23-04-2021 457

Mart ayı ərzində xarici valyutada aparılan mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

HerGun.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın hesabat yayıb.

Hesabatda ABŞ dolları, ingilis funt sterlinqi, avro və Rusiya rublu üzrə aparılan mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Ötən ay banklar tərəfindən 120 milyon 584,3 min ABŞ dollarının alışı həyata keçirilib. Eləcə də, vətəndaşlara 133 milyon 451,9 min ABŞ dollarının satışı təmin edilib. 2020-ci ilin mart ayının göstəricilərinə nisbətən banklar tərəfindən dolların alışı 40 faiz artıb, satışı isə 8,7 dəfə az olub.

Bu dövr ərzində 792,7 min ingilis funt sterlinqinin alışı həyata keçirilib. Həmçinin, banklar tərəfindən 545,6 min funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış həcmi ötən ilə nisbətən 1,6 dəfə, satış həcmi isə 6 dəfəyə qədər azalıb.

Mart ayında banklar tərəfindən 4 milyon 981,7 min avro həcmində alış baş tutub. Eləcə də, 11 milyon 227 min dəyərdə avro satışı təmin edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı 1,5 və satışı 1,8 dəfə az olub.

Ötən ay ərzində banklar tərəfindən 1 milyard 234 milyon 577 min Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə vətəndaşlara 182 milyon 529,3 min rus rublu satılıb. Valyuta alışı ötən ilin eyni dövrünə nisbətən 29,5 faiz artıb, satışı isə 2,3 dəfə azalıb.

Qeyd edək ki, mart ayı ərzində ümumilikdə bütün xarici valyutalara tələb kəskin azalıb. Banklar tərəfindən xarici valyutanın cəlb edilməsi prosesində yalnız dollar və rus rublunun alış həcmlərində artım müşahidə olunub. 

Nigar Məmmədova