Füzuli-Horadizdə İcma Resurs Mərkəzinin açılış mərasimi keçirilib - FOTO

18:40 23-04-2021 373

Bu gün Füzuli-Horadizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə reallaşdırılan İcma Resurs Mərkəzinin açılış mərasimi keçirilib. 

Bu barədə HerGun.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Azərbaycanın Füzuli-Horadiz, Ağcabədi və Tərtər rayonlarında əhalinin ən həssas qruplarının tezliklə bərpa edilməsi və icmanın dayanıqlılığının təmin edilməsi” layihəsi çərçivəsində həyata keçirilən açılış mərasimində Dövlət Komitəsinin sədri Bahar Muradova, sədr müavini Sədaqət Qəhrəmanova, Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti və digər qonaqlar iştirak ediblər.

Qeyd edilib ki, fəaliyyət göstərəcək üç mərkəz müharibədən zərərçəkmiş icmaların təcili ehtiyaclarının müəyyənləşdirilməsinə kömək edəcək və əsas diqqəti qadınlar, uşaqlar və əlilliyi olan şəxslərə yönəltməklə zərərçəkmiş vətəndaşlara yaşayış imkanları, psixososial və biznes məsləhət xidmətləri daxil olmaqla sosial-iqtisadi bərpa dəstəyinin verilməsini təmin edəcək.
Tədbirdə iştirak edən Dövlət Komitəsinin sədri Bahar Muradova vurğulayıb ki, bu layihə eyni zamanda, qadınların əmək bazarına çıxış imkanlarının artırılması, onlar arasında sahibkarlığın və özünüməşğulluğun inkişaf etdirilməsi, peşə hazırlığının təkmilləşdirilməsinə kömək edəcək.

A. Frakassetti bildirib ki, hər kəs mərkəzlərin təcrübələrindən faydalana bilər, xüsusilə qadınlar, gənclər, uşaqlar, həssas təbəqədən olan vətəndaşlar hüquqi və sosioloji yardım almaqla yanaşı, həm də iqtisadi dəstək ala bilərlər. 

Çıxışlar dinlənildikdən sonra Füzuli sakinləri, eyni zamanda qaçqın və məcburi köçkün ailələri üçün ixtisasartırma təlimlərinin keçirilməsi, psixososial yardımın göstərilməsi ilə bağlı rəy və təkliflər bildirilib, diskussiya aparılıb. Tədbir müzakirələrlə davam edib.

Sonda yeni açılmış İcma Resurs Mərkəzinin nümayəndələri dövlət komitəsi adından şəhid ailələrinə hədiyyələr təqdim ediblər.