Keçmiş nazir: Çin-ABŞ problemi beynəlxalq iqtisadiyyata ciddi zərbə vuracaq

17:54 07-08-2019 508

Amerika Birləşmiş Ştatları ilə Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni, daha gərgin olacaq növbəti mərhələsinə daxil olmağa hazırlaşır. Dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 40 faizə yaxınını istehsal edən bu iki nəhəng ölkə arasında gedən və getdikcə daha da dərinləşən ticarət müharibəsi beynəlxalq iqtisadiyyata ciddi zərbə vurmaqdadır.

Bunu HerGun.Az-a açıqlamasında ABŞ-la Çin arasında gedən ticarət müharibəsi fonunda Çinin milli valyutasının ucuzlaşmasını şərh edən Azərbaycanın keçmiş Maliyyə naziri, iqtisadçı alim, professor Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayından ABŞ-ın Çin məhsullarının idxalına tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar isə dünya iqtisadiyyatına daha ciddi zərbə vura biləcək.

İqtisadçı bildirib ki, dünya bazarlarında neftin qiymətlərinin 60 dollar səviyyəsindən aşağı düşməsi vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir:

“İki nəhəng arasında ticarət müharibəsinin yeni mərhələsinin bu ilin sentyabr ayından başlayacağına baxmayaraq, dünya iqtisadiyyatı inkişaf templərinin aşağı düşəcəyinin qaçılmaz olacağına indidən öz münasibətini bildirir. Bu templər aşağı düşəcəksə, deməli, iqtisadiyyatın nüvəsi olan neftə tələbat da azalacaq. Bu səbəbdən də neftin qiymətlərinin sentyabr ayına qədər davamlı azalacağı daha çox inandırıcı görünür. Əgər bu müddətdə OPEK neftin hasilatını azaltmaqla bağlı ekstremal bir qərar qəbul etməyə qadir olmasa, dünya bazarında neft yenidən ucuzlaşa bilər”.

F.Yusifov qeyd edib ki, bütün bu baş verənlər fonunda Çin yuanının dəyər itirməsi gözlənilən idi:

“Yuan son iki həftədə 5 faizə qədər ucuzlaşıb, bu ilin mart ayından isə Çinin milli valyutası ABŞ-Çin ticarət müharibəsi sayəsində 7 faizə qədər dəyər itirib. Yuanın belə sürətlə dəyər itirməsi Çin müəssisələrinin aktivlərinin ucuzlaşmasına yol açır. İki dünya nəhəngi arasında baş verən ticarət müharibəsi digər ölkələrin də iqtisadiyyatına və maliyyə durumuna təsirsiz ötüşməyəcək.

Əgər dünyada hər gün 100 milyon bareldən çox neft istehlak edilirsə, onun dəyərinin bir neçə dollar aşağı düşməsinin hansı itkilərə səbəb olduğunu hesablamaq bir o qədər də çətin olmaz”.

Qeyd edək ki, Çin Mərkəzi Bankı PBOC ABŞ-ın Çin mallarına əlavə gömrük tarifi tətbiq etmək barədə qərarları ilə əlaqədar olaraq pul vahidini stabil saxlaya bilmək üçün qısamüddətli sərt tədbirlər görməyə hazır olduğunu açıqlayıb. Bununla da yuanın dollar qarşısında 2008-ci ildən bu yana ilk dəfə 7 səviyyəsinin üzərində olduğu qeyd edilib. Son 11 ildə ilk dəfə dolların qiyməti 7 səviyyəsini aşıb - dollar bahalaşıb, yuan ucuzlaşıb.

Aqşin Kərimov