Atambayev “çekist” həbsxanasına yerləşdirildi

09:27 09-08-2019 964

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Komitəsinin İstintaq təcridxanasına yerləşdirilib.

Bu barədə “RİA Novosti”yə A.Atambayevin vəkili Sergey Slesarev məlumat verib.

Onun sözlərinə görə, A.Atambayev burada avqustun 26-dək saxlanılacaq:

“Sabiq dövlət başçısına qarşı kriminal avtoritet Əziz Batukayevin qanunsuz azad edilməsi ilə bağlı ilkin ittiham irəli sürülüb”.

Qeyd edək ki, avqustun 7-si Qırğızıstan xüsusi xidmət orqanlarının A.Atambayevin Koy-Taş kəndindəki iqamətgahı istiqamətində keçirdiyi əməliyyat uğursuzluqla nəticələnmişdi. Növbəti gün səhər saatlarında eks-prezident tərəfdaşlarının və xüsusi təyinatlıların qarşıdurması təkrarlanıb. Zərərçəkənlərin sayı 80-ə çatıb, bir xüsusi təyinatlı ölüb.

Uzun sürən danışıqlardan sonra A.Atambayev təslim olub. Müşavirlər Fərid Niyazov və Gündüz Joldubayevanın müşayiəti ilə onu Bişkekə gətiriblər.