Ekspert: Qırğızıstandakı hadisələr Çin-ABŞ qarşıdurmasının nəticəsidir - MÜSAHİBƏ

14:18 09-08-2019 372

Qırğızıstanda sakitlik yenə pozulub. Bu dəfə hadisələrin mərkəzində ölkənin keçmiş Prezidenti Almazbek Atambayev dayanıb. O, ötən gün hakimiyyətə təslim olub.

XXI əsrdə iki inqilab yaşamış Bişkek yenidən vəziyyətin gərginləşməsi ilə üzləşə bilərmi?

Qırğızıstanda hansı ssenarilərin əvvəlki prezidentlər Əsgər Akayev və Kurmanbek Bakiyevin devrilməsinə gətirib çıxardığı yaxşı məlumdur.

“Qırğızıstan Mərkəzi Asiya dövlətləri arasında fərqlənir”.

Bunu HerGun.Az-a müsahibəsində “Yeni Rusiya” ictimai-siyasi hərəkatının lideri, Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev deyib.

- Həqiqətən də Qırğızıstan Mərkəzi Asiya respublikalarının hamısından fərqlənən xüsusi ərazidir. Qırğızıstanın müxtəlif milli və klan tərkibi elədir ki, bu dövlətdə siyasi münaqişə qaçılmaz faktordur.

Məsələn, Türkmənistanda milli məsələ inhisarda olduğuna görə burada münaqişələr, demək olar, mövcud deyil. Özbəkistanda da münaqişələr var, lakin onlar son vaxtlar mərkəzi hakimiyyətin inhisarını təmin edə bildi.

Qırğızıstan isə bunu etmək gücündə deyil, çünki bir çox hallarda məhdud resurs bazasına malikdir. Türkmənistan qaz, Qazaxıstan isə neft deməkdir. Qırğızıstan isə təəssüf ki, öz təsir dairəsinin güclənməsi və Rusiya ilə digər oyunçuların təsir səviyyəsinin azalması məqsədilə vəziyyətin mütəmadi gərginləşməsində maraqlıdır. Nəticədə, hazırda münaqişənin böyüməsini görürük. Bu, gözlənilən idi.

- 2005-ci ildə “Zanbaq inqilabı” Əsgər Akayevi prezident statusundan məhrum etdi, 2010-cu ildə yeni dövlət çevrilişi Kurmanbek Bakiyevi hakimiyyətdən uzaqlaşdırdı. Qırğızıstanda iğtişaşlar və inqilabların davam edəcəyini gözləmək olarmı?

- Qırğızıstanda qeyri-sabitlik aşkar faktdır. Belə faktların təkrarlanmasını istisna etmək üçün bu ölkədə Çin, Rusiya və ya ABŞ-ın sərt protektoratı altında klassik Şərq istibdadını tətbiq etmək lazımdır.

Vaşinqton bunu, o cümlədən, Manasdakı aviabaza vasitəsilə etməyə çalışdı. Çin “Bir kəmər – bir yol” marşrutu daxil olmaqla, qırğız iqtisadiyyatına böyük iqtisadi sərmayələr qoymaqla buna nail olmaq istəyir. Rusiya da tarixi münasibətlər əsasında bunu edir. Lakin Moskva Bişkekdə öz təsirini xeyli itirir.

- “Qırğız epidemiyası”nın qonşu dövlətlərə sıçrama ehtimalı nə qədərdir?

- Bu cür proseslərin baş vermə ehtimalı böyükdür. Qırğızıstanda baş verənlər, ilk növbədə, qonşu ölkələr üçün, xüsusən, az dərəcədə də olsa, Özbəkistan üçün siqnaldır. Bu o deməkdir ki, vəziyyəti silkələmək mümkündür.

Deməli, öz zəifliklərinə, yaxud mənəvi güclərinin olmamasına görə indiyədək hərəkətsiz qalan oyunçular fikirləşə bilərlər ki, Qırğızıstanda vəziyyəti gərginləşdirə biləcək qüvvələr varsa, onlar qonşu ölkələrdə də qeyri-sabitləşdirici rol oynaya bilərlər.

Bu, qismən Türkmənistanda da mümkündür. Bu yaxınlarda Qurbanqulu Berdiməhəmmədovun ölümü barədə məlumat yayılması bunu təsdiq edir. Tacikistanda hakimiyyətin Rahmondan başqasına keçidi ilə bağlı qeyri-müəyyən vəziyyəti də unutmaq olmaz. Əlbəttə ki, bu, ilk növbədə, Rusiya təsirinə qarşı oyundur.

- Qırğızıstanda 2005 və 2010-cu il hadisələrinin günahkarının ABŞ olduğunu hesab edirdilər. Bişkekdə baş verən prosesləri də Vaşinqtonun və digər xarici qüvvələrin “aktiv”inə yazmaq olarmı? Yoxsa bu, Qırğızıstanın daxili münaqişəsidir?

- Bu, əlbəttə ki, Qırğızıstanın daxili işidir. Onu da unutmaq olmaz ki, ölkə xarici təsirdən, o cümlədən, Rusiyadan çox asılıdır. Rusiya Qırğızıstanın yüz milyonlarla kredit borcunu silir və milyardlarla dollar həcmində yeni investisiyalar yatırır. Lakin hazırda baş verənlər Çin və ABŞ arasındakı oyundur.

Bu, Venesuela, Şimali Koreya, İran və Türkiyə kimi növbəti nöqtədir. Bütün bunlar Pekin və Vaşinqton arasında mübarizənin nəticəsidir. Buna görə də, təbii ki, burada ABŞ-ın təsiri də var.

Rasim Babayev