“Dövlət satınalmaları haqqında” qanunu pozanlar barəsində yeni cərimələr müəyyən edilib

18:27 09-08-2019 558

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, “Dövlət satınalmaları haqqında” qanunun 445-1.1.2-ci maddəsinə “açıq tender üsulu ilə” sözlərindən sonra “və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə” sözləri və “metodlarından” sözündən sonra “(vasitəsindən)” sözü əlavə edilib.

Bunan əlavə, qanuna aşağıdakı məzmunda 445-1.6-cı maddə əlavə edilib:

“445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir”.

Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

- Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.