Qurbana azərbaycansayağı “podxod”

20:00 09-08-2019 401

Günay Malikqızı yazır...

Bazarda qurbanlıq qoyun paltarı gördüm.

Sizə deyim ki, qurbanlıq qoyun paltarı sektoru xeyli inkişaf edib və bu il təqdim edilən trend növbəti bayramda daha təkrarlanmır. Əslində, bir kiçik qırmızı lentlə başlayan dəb fırtınası artıq bu il tam jilet, ətək və başqa aksesuarlarla zənginləşdirilir.

Hə, yenə bizim - altını cıza-cıza, üstünə vura-vura qeyd edirəm - məhz bizim ifratı sevdiyimizə görə dadını qaçıracağımız bir bayram gəlir.

Əslində, qurban bayramı o qədər gözəl və qeyd edilməsi arzulanan bayramdır ki... Ancaq biz ki varıq, başqa uşaqlarıq.

Gərək bu bayrama da azərbaycansayağı “podxod” edək.

“Qurban bayramını necə qeyd edirlər, qayda-qanunu nədir” sualına cavab axtarmayacağam. Yəqin ki, çoxunuz bunu bilirsiniz. Amma adət-ənənədən xəbəri olmayan da bilir ki, bu bayramda qurban kəsmək lazımdır, özü də sağlam erkək qoç, dana, dəvə qurban edilir. Azərbaycanda daha çox qoç qurbanlıq məqsədilə alınır.

Buraya qədər aydın olmayan heç nə yoxdur. Bundan sonra baş verənləri anlamaq üçün “Tarixi-Nadir”i yarıya qədər oxumaq kifayət etmir.

Çünki nişanlı qızlara aparılan qoçların bəzəyi, əslində, düşünən adam üçün nişanın qaytarılmasına belə səbəb ola bilər.

Qoçun boğazına qırmızı lent bağlamaqla başlanan “qoç modası” sürətlə yeni mərhələlərə keçdi, əvvəlcə lent bir az böyüdü, sonra gördülər yox, nəsə çatışmır. Çox fikirləşdilər, çünki qoçun başına fata, ayağına papuc geyindirməyi düşünmək üçün xeyli vaxt lazımdır. Bu, hər dəqiqə, özü də hər insanın ağlına gələ biləcək “dahiyanə” fikir deyil.

Ancaq super zəkaya sahib olmalısan ki, qoçu gəlin kimi bəzəyib kəsməyə aparasan. Olmaz ki, o yazıq heyvanı da əlavə stressə salmadan, sakitcə qaydasına-qanununa uyğun kəsək?

Ya da qoçun paltarına xərclənən pula, doğrudan, o geyimə ehtiyacı olan bir kimsəyə geyim alaq?

Yaxşı qoça gəlin fatası, ayağına ayaqqabı yaraşdıranlara, qoyuna qadın, ya da qadına qoyun kimi yanaşa bilənlərə bir sualım da var.

Müsəlmanlıqdır axı, o erkəyə qadın paltarını niyə geyindirirsiniz?

Məqsədiniz nədir?