Namiq Əsgərov: “2002-ci ildən bəri 873 gənc hüquqşünas prokurorluq orqanlarına işə qəbul edilib”

20:27 09-08-2019 821

Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.

HerGun.Az xəbər verir ki, prokurorluq orqanlarında işə növbəti qəbul zamanı 80 vakant yer çıxarılıb.

İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.

Milli məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir: “Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan azərbaycan gənclərində hüquq mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəldib. Bilirsiz ki, bu yaxınlarda möhtərəm prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsilə bağlı fərmanı da mövcuddur və prokurorluq orqanları həmışə olduğu kimi hüquq mühafizə sahəsində islahatların önündədir. Biz əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər. Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti var. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə də prokurorluq orqanları öndədir. Və bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları yüksək peşəkarlığa malik olan yüksək bilik və bacarığı olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhvələrini verəcək. Gənclərimizə uğurlar arzulayıram. Əminəm ki, ən biliklilər, ən bacarıqlılar öndə olacaq, prokurorluq orqanlarında işə qəbul olunacaq”.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov isə bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir: “Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaradıb. Bu ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olub. 2002-ci ildən başlayaraq 19 müsabiqə keçirilib. Bu müsabiqələrin nəticəsində prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünas işə qəbul edilib. Qeyd edək ki, müsabiqə yolu ilə imtahanlar Prezidentinin 2001-ci ildə 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir.