Vidadi Hidayət

“Hidayət yolunun nuru”

          Tahir Hüseyinn hikmətli söz dünyasına  Vidadi Hidayətin baxışı..

14:37 13-06-2021 595

                 Hicab qadının qəlibinin örtüyüdür,

                 Təqva qəlbin  örtüyüdür.

                                               Tahir Hüseyn

    Hicab qadına aid olub Allah(c.c)  tərəfindən vacib buyrulmuşdur. Bu libas bədəni soyuqdan, istidən qorumaqla  yanaşı, həm də insanın abrının örtüyüdür. Təqva da örtük sayılır, ancaq qəlbin örtüyüdür. Belə ki, Allah (c.c) insanın tövbəsini qəbul etdi, günahlarını bağışladı, qəlbinə iman yazdı, qəlbini özünə tərəf çevirdi, bu nemətləri qorumaq üçün o, şəxsə  ən zəif təqva libası verir. Bayaqdan qəlb  mənəvi çılpaq  olduğu haldan, nisbətən zəif də olsa şeytandan qorunacaq örtüyü olan hala gəlir. Bu örtük, yəni təqva libası qəlbi, nəfsin vəsvəsəsindən şeytanın təsirindən azacıq da olsa qoruyur. İnsan ruhu hər göy qatın qalxdıqca Allah (c.c) tərəfindən qəlbə uyğun bir örtük təqva libası nemət olaraq verilir. Aydın olur ki, insan ruhu göy qatların yuxarı qalxdıqca qəlbi şeytanın təsirindən qoruyacaq təqva libası da  güclənir.    Sonda Allah (c.c) insana ilahi  təqva libası nəsib edir ki, bu andan sonra  qəlbə şeytanın təsiri sıfırlanır. Bundan sonra qəlb mələklərin məkanına çevrilir. Allahdan (c.c) düzgün, qəlbən diləsək O, bizi bu məqama çatdırar, İnşəallah!

 

 ***

 Qəlbin dilədiyi qalar,

Qəlibin elədiyi qalar.

                        Tahir Hüseyn

 

   Qəlib qəlbi gəzdirəndir. Yəni cismimizdir (bədənimizdir).Mahiyyət etibarı ilə qəlblər iki  cürdür. Biri  nəfsin əmrində olan qəlblər, ikincisi  isə paklaşmaqda olan və ya tam paklaşan Allah (c.c) tərəfindən Kəbə evindən də üstün dəyər verildiyi mənəvi “məkan”dır. Allah (c.c) yanında insanın dəyəri, qiyməti qəlbinin paklaşması dərəcəsi ilə ölçülür. Qəlb paklaşdıqca insanın, yəni qəlibin (cismin) etdiyi əməllər fəzilətlə dolu, ədalətli, Haqqın buyurduğu kimi və sonda qəlb tam paklaşdıqda  isə əməllərin hamısı saleh olur. Deməli,  bizim hər birimizin qəlbinin  paklaşması hansı dərəcədədirsə, eyni əməl etsək belə Allah (c.c) yanında savabı müxtəlif yazılır.Qəlb və qəlibin (cismimizin, bədənimizin) bir-birindən asılılığı bu cürdür. Məsələn: İki şəxs ayrı-ayrılıqda eyni bir oxşar əməl edə qəlbinin diləyindən (niyyətinin paklıq dərəcəsindən) asılı olaraq birinə on, digərinə hətta yeddi yüz savab yazıla bilir. Bizim hər birimiz Allahdan(c.c) qəlbən, qəliblə, yəni dildə yox -diləsək O, bizi düzgün  yola yönəldər, rəhmi və mərhəməti  sayəsində saleh məqamına çatdırar, İnşəallah! Və bundan sonra  etdiyimiz  əməllər ən yüksək  savab  dərəcəsi ilə yazılar və qalar.

   Deməli, gözlə görünən qəlib (burada bənzətmədir) yəni insanın  özünün etdiyi  əməl tək yazılmır, qəlbinin niyyəti də  həmən anda  mələklər  vasitəsilə yazılır. Yəni, əməl ilə niyyət (dilək) qoşadır.

 

***

Qəlb gözü ilə görənlər anlayanlardır,

Anlayanlar öz nəfsini danlayanlardır.

                                              Tahir Hüseyn

     Qəlb gözü cismani gözdən  fərqli olaraq mənəvi aləmə aiddir. Bu gözün işığı hikmət, gördükləri isə Allahın (c.c) bizə verdiyi öyüdün (“Quran”ın) həqiqi mənalarıdır. Necə ki, Allah-Təala buyurur: “Mən bəndələrimə şah damarından yaxınam, ancaq onlarla mənim aramda minlərlə zülmət, minlərlə nur pərdələri vardır”. Bu pərdələr qalxmadıqca insanın  qəlb gözü mənəvi aləmdə kor kimidir. İnsan hətta Allahın (c.c)  öyüdlərini, əmrlərini icra edər və ancaq anlamaz-“görməz” (qəlb gözünün görməsindən söhbət gedir). Çünki, qəlbin Allahın (c.c) yoluna olan qapısı möhürlənib. İnsan üçün ən xoşbəxt hal odur ki, tövbə edə və heç bir  təmənna güdmədən ruhunu Allaha (c.c) qovuşdurmağı diləyə. Allah (c.c) isə nəsib edə. İlk anda və sona (yolun sonuna) kimi ustad vacibdir. İnsan diri ikən, həyatda ikən, ruhunu Allaha (c.c) qovuşdurmağı və təslimi qəlbən diləmədikcə yuxarıda qeyd  etdiyim  pərdələr götürülməz. “Quran” ayələri oxunar, ancaq, anlanmaz. Allah (c.c) pərdələri qaldırdıqca qəlb gözü “görən” olur və mərhələ-mərhələ daha çox anlayır, daha çox dərk edir. Möminlər hər bir ayənin-öyüdün mənasının, həqiqətinin  dərk olunmasının axtarışında olmalıdır. İmam Əli (ə)buyurmuşdur:-“Dərk etmədiyini tərk etmə”. İmamımızın dərk etmək sözündəki məna  ancaq, hər birimizin mənəvi yolda –Siratəl müstəqimdə olduğumuz  halda mümkünlüyünə işarədir. Qalan hallarda insan “Quran” ayələrini,  heç vaxt (hökmü bəlli olanlar istisnadır) anlamaz, dərk etməz.

   Hikmət nuru ilə insanın qəlb gözü “görən” olur və “gördükcə” həqiqətləri daha çox anlamağa başlayır. İnsan anladıqca  nəfsini daha çox danlayır.Allah (c.c) nəfsin bu halın müqəddəs bilir və and içir:- “And olsun özünü danlayan nəfsə” (“Quran”, Qiyamət 2).

 Bu hal ta nəfsin mütməin halına,  nəfsin tam paklanma halına kimi davam edir. Nəfsi paklanmış  insan isə əbədi səadətə çatmış insandır.

 (Davamı  var)