Komitə sədri: “Azərbaycandan xarici terror qruplarına qoşulan yoxdur”

11:00 21-06-2021 313

Bu gün Azərbaycandan demək olar ki, xarici terrorçu qruplara qoşulan yoxdur. Son dövr ərzində belə hal qeydə alınmayıb. 

HerGun.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, əvvəlki dövrlərdə belə hallar qeydə alınırdı:

“Lakin hüquq mühafizə orqanlarının apardığı profilaktik işlər, ideoloji təbliğat, o cümlədən mətbuatın apardığı maarifləndirici tədbirlər bunun qarşısını almaqda mühüm rol oynayıb:

“Hazırda bu istiqamətdə heç bir fakt qeydə alınmayıb. Əvvəllər xaricə gedən və bu cür terrorçu qruplara qoşulan şəxslərin ailə üzvləri reabilitasiyaya cəlb olunub. Həmin ailə üzvlərinin bir qismi gətirilib, təbii ki, orada uşaqlar və qadınlar da var. Bununla bağlı məxsusi reabilitasiya mərkəzi yaradılıb. 

Həmin reabilitasiya mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin işçiləri geriyə qaytarılmış ailələrlə dini sahədə işlərin aparılmasında iştirak edir. Burada dəqiq rəqəmləri demək çətindir. Amma əvvəlki dövrlərdə də bu cür hallar Azərbaycandan az sayda olub. Ümumiyyətlə əvvəlki illərdə də İŞİD-in terror qruplaşmalarında iştirak edən xarici vətəndaşlar siyahısında bizim ölkə çox aşağı yerlərdə olub.

Azərbaycandan gedənlərin sayı başqa ölkələrdən gedənlərin sayı ilə müqayisədə çox az idi. Rəqəmlər o qədər aşağı olurdu ki, Azərbaycanın adı bəzən heç statistikaya da düşmürdü”.

Könül Cəfərli