Tarix qədər qədim ənənə: Tanrıya bakirə qız qurban verməkdən İbrahimin etirazınadək

11:27 11-08-2019 366

Avqustun 12-si və 13-də müqəddəs Qurban bayramı qeyd ediləcək.

İlahiyyatçı İsmayıl Əhməd HerGun.Az-a Qurban bayramının tarixi və yaranma dövründən danışıb.

Onun sözlərinə görə, qurbanın tarixi bəşəriyyətin yaranma tarixi ilə, demək olar ki, eyni istiqamətdə addımlayıb:

“Bəşər tarixi nə qədər qədimdirsə, qurbanlığın da tarixi bir o qədər qədimdir. Bunu hansısa dinə mənsub eləmək düzgün deyil. Çünki bütün dinlərdə bu ayin bu və ya digər şəkildə yerinə yetirilir. Hətta bütpərəstlərdə belə bu ayin icra edilir.

Bu, insanın inandığı əlçatmaz varlıqdan nəsə diləməsi və diləyinin tez yerinə yetməsi üçün ən dəyərlidən keçmə mərhələsidir. 

Qurban ərəb mənşəli olan “qrup” sözündəndir. Yaxınlıq anlamını verir. İnsan ən dəyər verdiyi nələrdənsə keçir. Qurbanlıq İslamda Allah kimi qəbul edilən əlçatmaz varlığa çatmaq üçün bir vasitədir. 

Bu ayin İslamdan da əvvəl yerinə yetirilib. Belə ki, Məkkənin içərisində saxlanılan 360 büt var idi. Onlardan yeddi və ya səkkizi çox mühüm hesab olunurdu. İslamdan əvvəl bütpərəstlər qurban kəsərək, qanını bütlərin üstünə tökürdülər. Bununla öz hacətlərinin tez bir zamanda həyata keçməsini diləyirdilər.

İstəklərinin həyata keçməsinə böyük ümid bəsləyirdilər. Amma bizim eradan əvvəlki tarixə nəzər salanda görürük ki, müxtəlif xalqlarda qurban edilən varlıqlar ayrı-ayrı formada və görünüşdə olub.

Onların bəzilərində hətta insanların da qurban verilməsi müşahidə olunur. Məsələn, Cənubi Amerikada yaşayan maya tayfası bura daxildir. Eradan əvvəl onlar bakirə qızların ürəklərini çıxararaq, tanrılara vermə mərasimi keçirirdilər.

Bu mərasimlər bəzi Hollivud filmlərində də öz əksini tapır. Həmin xalqlar qurbankəsmə ilə hansısa xəstəlikdən qorunma, yağışın yağması və hansısa təbii bədbəxt hadisənin qarşısının alınmasına ümid bəsləyirdilər. Bədbəxt hadisələrlə üzləşməmək üçün qurban verirdilər”.

İlahiyyatçı qeyd edib ki, İbrahim peyğəmbər qurbanda heyvan kəsməklə ehsanın verilməsinin mümkün olduğunu göstərib:

“İnsanların kütləvi şəkildə qurban verildiyi dövrdə “Quran”da İbrahim peyğəmbərin hekayəsi nəql olunur. Hekayəyə görə, İbrahim yaşa dolduğu bir vaxtda ən dəyər verdiyi bir şeydən keçməyə hazır olur. Bu da onun yetkinlik dövrünə təzə çatan oğlu İsmayıl idi. İbrahim, əslində, bu sınaqla bəşəriyyətə bir etiraz edir.

Əgər insan Allaha yaxınlaşmaq üçün qurban kəsəcəksə, bunu insanla yox, hansısa bir canlını kəsməklə həyata keçirə bilər. Heyvan kəsməklə yanaşı, öz istəyinin yerinə yetməsi üçün ehtiyacı olanlara ehsan da verə bilər. İbrahim peyğəmbər bu işi görür.

Biz bunun davamını Həcc ziyarətində Qurban mərasimində görürük. Zilhiccə ayının 10-cu günündə bayram namazı qılınır və insanlar fərdi və ya cəm halında inək, qoyun qurban kəsirlər”.

Sevinc Yasinqızı