Azərbaycanlılara işgəncələr verən ermənilərin məhkəmə prosesində zərərçəkmişlər dindirilib - YENİLƏNİB

13:20 23-06-2021 38

Bu gün Yasamal Rayon Məhkəməsinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmişlər ifadə verib.

Daha sonra təqsirləndirilən A.Xosrovyan dindirilib.

Məhkəmənin növbəti iclası iyunun 30-na təyin edilib.

09.08

Bu gün Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək.

HerGun.Az-ın məlumatına əsasən, məhkəmə iclasına hakim Elbəy Allahverdiyev sədrlik edəcək.

Prosesdə zərərçəkənlərin ifadə verməsi gözlənilir.

Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.

Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.

Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.

İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb.

Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.

İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə beş nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib:

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin  oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.