Polisi ittiham edən “metallomçu” maşınını tanışının üstünə sürübmüş

18:45 12-08-2019 591

Sosial şəbəkələrdə Nərimanov rayonu 17-ci Polis şöbəsinin əməkdaşları haqqında ittihamlar səsləndirən şəxsin - Tural Məmmədovun videomüsahibəsi yayımlanıb. Həmin şəxs iddialarda qeyd edir ki, metal tullantıların yığımı ilə məşğuldur və sözügedən Polis şöbəsinin əməkdaşları ona mane olurlar.

Bakı Şəhər Baş Polis İdarəsi (BŞPİ) iddialara münasibət bildirib.

BŞPİ-dən HerGun.Az-a daxil olan məlumatda deyilir ki, həmin videoda səsləndirilən iddialar həqiqətə uyğun deyil.

Belə ki, müsahibə verən şəxsin iddiaları ilə bağlı BŞPİ-də müvafiq araşdırma aparılmaqla müsahibin şəxsiyyəti, hüquqi vəziyyəti müəyyən olunub.

1991-ci ildə Bakı şəhərində anadan olan, Nərimanov rayonunda qeydiyyatda olan, fərdi qaydada dəmir tədarükü ilə məşğul olan Məmmədov Tural Elman oğlu cari il yanvarın 1-də axşam saatlarında Nərimanov rayonu A.Heydərov küçəsində tanışı Elxan Hacıyevi onun qarajından dəmir parçaları oğurlamaqda günahlandıraraq idarə etdiyi “Niva” markalı avtomaşını onun üzərinə sürərək ayağından xəsarət yetirib.

Həmçinin o, qanunsuz hərəkətlərini davam etdirərək, avtomaşından düşüb E.Hacıyevi döyərək, yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq hərəkəti törədib.

Faktla bağlı yanvar ayının 28-də Nərimanov RPİ-də CM-in 221.1-ci maddəsi ilə cinayət işi başlanılıb,  21.06.2019-cu il tarixdə T.Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə, iyunun 29-da istintaqı tamamlanaraq cinayət işi Nərimanov Rayon Prokurorluğuna göndərilib.

Qeyd olunanları nəzərə alaraq, əlavə heç bir şərh vermədən T.Məmmədov ictimai təhlükəli  əməllərini pərdələmək üçün polis əməkdaşlarının ünvanına əsası olmayan ittihamlar səsləndirib.

Aqşin Kərimov