Dələduzluq, rüşvətxorluq və kəmsavad məmurların özbaşınalığı məmləkətimizi məhvə sürükləyir

11:57 20-07-2021 51

Ağbirçək ana, vətəndaş Suğra Daşdəmirova dələduzluq, rüşvətxorluq və kəmsavad məmurların özbaşınalığı nəticəsind məmləkətimizi məhvə sürüklənməsi barədə prezidentə və hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb. 

Ağbirçək ana Suğra Daşdəmirovanın müraciətini olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

Hörmətli, cənab Prezident,
Hörmətli, cənablar!

İzn verin, müqəddəs Qurban bayramı günlərində Sizləri, doğmalarınızı və yaxınlarınızı ulu bayram münasibətilə səmimi qəlbdən təbrik edim, Sizlərə bu bayramın tarixi qədər uzun ömür, əbədi cansağlığı, əmin-amanlıq və daha qüdrətli Azərbaycan arzulayım.

Hörmətli, cənab Prezident,

Siz ölkə başçısı, siyasi rəhbərsiniz. Ölkəmizdə fəaliyyət göstərən ali hakimiyyət, hüquq-mühafizə və digər orqanlara, bütövlükdə respublikaya rəhbərlik edirsiniz.

Siz Azərbaycan vətəndaşının rahat, firavan və əmin-arxayın yaşaması naminə mümkün olduğundan da artıq işlər görürsünüz. Elə ünvanınıza pənah gətirməyimi də zəruri edən Sizin haqqı-ədaləti həmişə dəstəkləməyiniz, kimsəsizlərə, tərəfsizlərə qayğı və diqqətinizdir.

Siz xalqımızın ən çətin dramatik anlarında da millətimizi tənha qoymamısınız, köməkliyinizi heç kimdən əsirgəməmisiniz.

Dəyərli vaxtınızı aldığıma görə dəfələrlə üzrxahlıq edirəm və məlumat üçün bir daha bildiriəm ki, namaz qılan, oruc tutan bir nəfər fırıldaqçı din xadiminin Moskvada yaşayan oğlumun başına gətirdiyi müsibətləri ikinci dəfə nəzərinizə çatdırmaq istəyirəm.

El ağbirçəyi olaraq ötən birinci müraciətimdə məlumat verdiyim kimi Bakıdakı Əbubəkir məsçidinin imamı kimi özünü tanıtdıran və Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Allahşükür Paşazadə tərəfindən himayə olunan Qamət Süleymanov adlı fırıldaqçı 2012-2013-cü illərdə oğlum Əbülfəs Daşdəmirovu aldadaraq guya Dubayda gəlirli sahələr yaratmaqla milyonlarla gəlir əldə etmək hiyləsi ilə oğlumdan 305.000 (üç yüz beş min)Amerika dolları alaraq dələduzluq etmişdir. Qamət Süleymanov oğlumdan pul aldığını etiraf edir, lakin əsassız bəhanələr gətirərək borcu qaytarmır.

Hörmətli, cənab Prezident,

Mən deyilənlər barədə bu ilin iyun ayının əvvəllərində çox böyük ümidlə Sizə, eləcə də hüquq mühafizə orqanlarının rəhbərləri cənab Kamran Əliyevə, cənab Vilayət Eyvazova müraciətlər yazıb göndərmişdim.

Gözləmək olardı ki, adları çəkilən orqanlar məsələni xüsusi nəzarətə götürəcəklər və hərəkətə keçəcəklər. Lakin bu günə qədər heç bir orqandan səs-səmir çıxmır.

Hörmətli, cənab Prezident,

Ölkə başçısı olaraq, Sizin adınıza göndərilən şikayətlərə bu cür etinasızlıq göstərilməsi şəxsən Sizə ən böyük xəyanət və hörmətsizlikdir.

Heç kimə sirr deyil ki, xalqımız Sizi savadlı aparat rəhbəri, müdrik siyasətçi, diplomat və uzaqgörən, müdrik ali baş komandan kimi tanıyır.

Siz bunu ermənilərlə aparılan 44 günlük savaşda bir daha təsdiq etdiniz. Əlavə edək ki, Sizin siyasi kursunuzun tən ortasında Azərbaycan vətəndaşı dayanır. Qeyd etmək yerinə düşər ki, xüsusi xidmət orqanları ölkədə baş verənlər barədə Sizə vaxtaşırı məlumatlar verirlər. Bununla yanaşı içtimaiyyətin gücünə, məlumatlarına da həmişə ehtiyac var. Bir qədim şərq məsəlində deyildiyi kimi:

“Arxası el olanın başı göylərə dəyər.”

Hörmətli, cənab Prezident,

El ağbirçəyi olaraq məlumat verməyi özümə borc hesab edirəm ki, bu gün Azərbaycanda vətəndaşların ərizə, şikayət və təkliflərinə baxılması iflic vəziyyətindədir.

Ölkənin bütün orqanlarında cavabdehlər məsuliyyətdən yayındırılır, Sizin siyasətinizə müqavimət göstərilir, məqsədli şəkildə ölkədə gərginlik yaradılır.

Bir daha əsas mətləbə qayıdaq: Oğlum Əbülfəsin hiylə yolu ilə külli miqdarda pulunu ələ keçirib mənimsəyən və onlarla belə dələduzluqda ittiham olunan Qamət Süleymanov cəzasızlıq mühitindən yararlanaraq hələ ki, azadlıqda gəzir və çirkin əməllərini davam etdirir.

Onun dələduzluğunu isə ört-basdır edən məhz hüquq mühafizə orqanlarıdır. Qeyd etdiyim kimi Qamət Süleymanov oğlumun pulunu qaytaramamaq üçün bütün mümkün vasitələrə əl atır: Həyat yoldaşı zəng edib deyir ki, guya oğlum Moskvadan zəng edib Qaməti ölümlə hədələyib.

Yaranmış şəraitdən istifadə edərək el ağbirçəyi olaraq Qamət Süleymanova iki məsləhət vermək istəyirəm: Qamət, övladım, sən bu gün iki yol ayrıcındasan. Ya hiylə yolu ilə oğlum Əbülfəsdən aldığın pulu qaytarmalısan, ya da dələduzluq ittihamı ilə həbs edilməlisən.

Onu da qeyd etməliyəm ki, pulu qaytarmağa potensialın çatır. Çoxlu sayda gəlirli sahələrin, torpaqların və obyektlərin var. Bir də məsləhət görürəm ki, aldadıb pullarını mənimsədiyin zərərçəkənlər zəng edib pullarını istəyəndə qaçıb gizlənib arvadını önə çıxarıb kənardan dirijorluq eləmə. Şərləmək, böhtan atmaq çıxış yolu deyil, hər bir ittiham hüquqa söykənməlidir və sübut edilməlidir. Əks halda cinayət məcəlləsinin müvafiq maddəsi ilə həyat yoldaşın böhtançı kimi məsuliyyətə cəlb edilə bilər.

Hörmətli, cənab Prezident,

Bu gün ölkəmizdə mövcud olan və xərçəng kimi metostaz verən dələduzluq, narkomaniya, rüşvətxorluq və məmur özbaşınalığı məmləkətimizi məhvə sürükləyir. Mən el ağbirçəyi kimi deyirəm, əgər vaxtında tədbir görülməsə çox gec olacaq.

Ən sonda bir daha prezidentim kimi Sizə müraciət edirəm:

Hörmətli, cənab Prezident,

Dələduz Qamət Süleymanovun oğluma borclu olduğu pulun ondan alınıb qaytarılması ilə əlaqədar baş prokuror Kamran Əliyevə və nazir Vilayət Eyvazova xüsusi tapşırıq verməyinizi səmimi qəlbdən xahiş edirəm. Edəcəyiniz köməkliyə inanıram və səbisizliklə gözləyirəm.

Allah Sizi qorusun!

Əziz oxucu, xahiş edirəm fikirlərinizi bölüşün.

Əlaqə telefonu: 055 992 02 00

Cavabdeh Qamət Süleymanovun əlaqə telefonları:
050 312 70 40
055 312 70 40

Dərin hörmətlə: Suğra Daşdəmirova

P.S. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.