900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib - RƏSMİ

20:40 23-07-2021 441

Şənlik mərasimlərinin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələri tərəfindən gündəlik monitorinqlər davam etdirilir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, monitorinqlər zamanı şənlik mərasimlərinin keçirildiyi bəzi məkanlarda sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb.

İyulun 22-dək aparılan monitorinqlər zamanı bəzi obyektlərdə keçirilən şənlik mərasimlərində 112 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onların bir hissəsində nöqsanlar aşkar edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, indiyədək 900-dən çox obyektdə şənlik mərasimlərinə nəzarət həyata keçirilib.