Bərdədə susuz qalan şəhid bulağı - FOTO

19:00 14-08-2019 5

Bərdə rayonunun Mirzəxan kəndində şəhid Müşfiq Musayevin adının verildiyi bulaq quruyub.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, 2015-ci ildə tikilib istifadəyə verilən bulağa bir neçə il su gəlib. İki ildən artıqdır ki bulağın suyu kəsilib. Bulaq ətrafında yaşayan 25 ailə susuz qalıb. 

Şəhid anasının sözlərinə görə, kəndin müxtəlif yerlərində dörd bulaq inşa olunub, biri də şəhid Müşfiq Musayevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan bulağı adlandırılıb. 

Kənd sakinləri isə bildirir ki, dörd bulaqdan heç birində su yoxdur. Bulaqlara gələn suyu bir neçə ailə öz həyətinə çəkib. 

Məsələ ilə bağlı Mirzəxan bələdiyyəsinin sədri Əziz Şəmilovla telefon əlaqəsi saxladıq. Bələdiyyə sədri kənd sakinlərinin, xüsusilə də şəhid Müşfiqin ailəsinin haqlı olduğunu qeyd etdi: 

“Problemin yaranmasına səbəb sakinlərin elektrik enerjisinin haqqını ödəyə bilməmələri olub. Kənddəki bulaqların qoyulması "AZKİL" şirkəti tərəfindən icra olunub. İndi həmin suyun öz axarı ilə çıxan su quyusuna qoşulması nəzərdə tutulsa da, digər sakinlər buna imkan vermir. Onlar quyuda suyun az olmasından şikayət edirlər.”