Türkiyəli millət vəkili: “Bizlərə dəstək olan Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”

15:20 01-08-2021 38

“Yaşadığımız bu çətin günlərdə, bir millət və iki dövlət olma zərurətini yerinə yetirməklə həmişə yanımızda olan, canları bahasına alovların yayılmasına imkan verməyən, bizlərə dəstək və güc verən əziz azərbaycanlı qardaşlarımıza və Azərbaycan dövlətinə minnətdarlığımı bildirirəm”.

Bu fikirləri APA-nın yerli bürosuna Türkiyə Böyük Millət Məclisinin (TBMM) MHP Antaliya millət vəkili Abdurrahman Başkan bildirib.

Millət vəkili deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə meşə yanğınlarının söndürülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri və müvafiq texnika göndərməsi bu ağır günlərdə Türkiyə xalqını qürurlandırıb:

“Türkiyənin ağciyələri-meşələrində baş verən bu fəlakətlərin qarşısını almaq üçün iki təyyarə və böyük bir heyətlə bizə dəstək olan qardaşlarımız tarixin hər vaxtındakı çətin günlərimizdə olduğu kimi yenə də heç bir dəvət gözləmədən, hər kəsdən öncə imdadımıza çatdılar. Zəlzələ fəlakətlərində də bunun şahidi olduq. Bununla da Azərbaycan bizim könül və tarixi coğrafiyamızın ən önəmli hissəsi olduğunu bir daha sübut edir. Bu səbəblə də türkün varlığı, birliyi və diriliyi əbədi olsun, deyirəm”.