Samir Abasov: “Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə”

19:20 02-08-2021 416

“HİK-in iştirak etdiyi çempionat davam edir. Tbilisi “Dinamo”su kimi, onların da fiziki durumu çox yaxşıdır. Ölkəsinin çempionudur və təhlükəli rəqibdir. Finlandiya futbolu irəli doğru addımlayır. Onların millisinin AVRO-2020-dəki çıxışı bunu deməyə əsas verir”.

HerGun.Az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov deyib.

O, sabah keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin HİK-lə oyunu öncəsi fikirlərini bildirib: 

“HİK-in bəzi üstünlükləri var. Bizdən, bəlkə də, daha hazırlıqlıdır. Ən azı əlimizdən gələni etməliyik ki, bu turnirdə qalaq. HİK-in xeyli oyununa baxmışam. Məsələn, srağagün çempionat matçına çıxdılar. Kifayət qədər zəngin heyətə malikdir. “Malmö”yə bir oyunda uduzmalarına və bir heç-heçə etmələrinə baxmayaraq, xoşagələn, hərəkətli futbol nümayiş etdirirlər. Bizim də əhvalımız pis deyil. “Olimpiakos”a uduzsaq da, motivasiyamız qaydasındadır. Bəzi məqamlar bizi üzdü. Ancaq əhval-ruhiyyəmizi düzəldə bilmişik. Bilirik ki, getdikcə oyunlar çətinləşir”.

O, növbəti mərhələdə “Fənərbağça”nın rəqib olmasına belə münasibət bildirib: “Püşkü atanlar deyir ki, “Neftçi”, sən heç yerə getmə, qal Avropa Liqasında. Bizim üçün əsas HİK-i keçməkdir. Ən azı “Makkabi”ni düşünmürük. Hər iki turnirdə ən arzuolunmaz rəqiblə düşdük. Əvvəlcə HİK-i keçək ki, sonrakı rəqib barədə düşünək”.

“Ötən matçda ehtiyatdan meydana daxil olan gənclər bizi sevindirdi. Bacardıqlarını ortaya qoydular. Keyfiyyət baxımından kimlərisə razı salmaya bilərlər. Amma istəkləri ürəyimcə oldu. Çempionatda da bu uşaqlara güvənəcəyik.

Məşqi “Bakcell Arena”ya salmamağım stadionu qorumaq məqsədi ilədir. HİK özü də burada məşq edəcək. Stadionu yükləmək istəmədik”, - deyə Samir Abasov qeyd edib.

Qeyd edək ki, “Neftçi” - HİK matçı sabah baş tutacaq. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Səbuhi Musayev