“Dezinformasiyaları tirajlayıb yalana, şərə xidmət etməyək” – Oxu.Az-ın müraciəti

19:40 02-08-2021 465

Son günlər ölkə mətbuatında Azərbaycanda ciddi siyasi dəyişikliklərin olacağı, referendum keçiriləcəyi, Konstitusiyaya bir neçə dəyişikliyin ediləcəyi və hətta Parlamentin buraxılacağı ilə bağlı bir sıra xəbərlər yayılıb.

HerGun.Az-ın əldə etdiyi məlumata görə, yayılan xəbərlər tamamilə əsassızdır.

Kimlərinsə təxəyyülünun məhsulu olan saxta məlumatların tirajlanması, bilərəkdən gündəmdə saxlanılması dövlətin strukturlarını təzyiq altında qoymaqdan başqa heç bir işə yaramır.

Təəssüf ki, bir sıra həmkarlarımız reallıqla heç cür uzlaşmayan bu kimi məlumatları yaymaqla hazırda ölkədə davam edən sabitlik və rifah şəraitinə zərbə vurduqlarının fərqində deyillər.

Ölkə Prezidenti İlham Əliyev qətiyyətli siyasət yürüdərək müxtəlif dövlət strukturlarında zaman-zaman islahatlar aparır, lazımi məqamda, lazımi qərarları verir. Bununla belə, bu cür radikal, yalan, dezinformasiya xarakterli informasiyaların tirajlanması ölkə başçısının apardığı islahatlarla eyni amala xidmət etmir.

HerGun.Az saytı olaraq həmkarlarımızdan bu kimi həssas məqamlarda daha diqqətli olmağı, dəqiqləşdirilməmiş, heç bir dayanağı, istinad nöqtəsi olmayan, heç bir rəsmi şəxs tərəfindən təsdiq edilməmiş, dedi-qodu səviyyəsində olan dezinformasiyaları yaymamağı xahiş edirik.