Qarabağda “gənc terrorçu” hazırlayan “sülhməramlılar”a xəbərdarlıq: “Kimin torpağında olduğunuzu unutmayın!”

23:20 14-08-2021 447

Artıq “sülhməramlı” sözünü eşidəndə hər birimiz bunun arxasınca hansısa növbəti xoşagəlməz bir addım barədə informasiyanın dayandığını gözləməyə başlamışıq. Haqlıyıq da, çünki Rusiya Federasiyasının Azərbaycan torpaqlarında müvəqqəti xidmət aparan sülhməramlı kontingenti gün keçmir ki, öz missiyasına zidd bir addımla qarşımıza çıxmasın.

Ona görə də bu gün yayılan növbəti xəbərə heç də təəccüblənmədik. Rusiya Müdafiə Nazirliyinin saytında yer alan xəbərlərə əsasən, sülhməramlılar indi də Qarabağdakı erməni uşaq və yeniyetmələrə təlim keçiblər. Özü də “gənc döyüşçü” adlı bu təlimlərdə Qarabağdakı ermənilərə dağlıq şəraitdə sağ qalmağın yolları öyrədilib.

Sülh keşikçiləri “döyüşçü” hazırlayır?

Sülhməramlılar artıq vəziyyəti o həddə çatdırıb ki, onlardan istənilən addımı gözləyirik. Ancaq bu qədəri də hədsizlik, sadə dillə desək, ağını çıxartmaq deyilmi? Sülh və təhlükəsizliyi qorumaq missiyasını həvalə etdiyimiz kontingent, bizim torpağımızda bizi özünə düşmən bilən və ya bu ruhda tərbiyə olunan uşaqlara bizə qarşı döyüşməyin yollarını öyrədir? Sülh və dinc həyat tərzini seçən və ya seçməli olan insanlar üçün dağlıq şəraitdə sağ qalmağın yolları özü də belə gərgin bir mühitdə nə dərəcədə önəmlidir? Orada həmin təlimdən “gənc döyüşçü” kimi yetişən uşaqlar, bir gün sağ qalmaq yollarının öyrədildiyi həmin dağlarda, buranın sahibləri olan azərbaycanlılara qarşı terror aktlarının təşkilinəmi hazırlanır? Məntiqlə başqa açıqlama tapmaq mümkün deyil. Belə olan halda isə Rusiyanın öz imicinə xələl gətirən, sülhməramlı missiyasına kölgə salan və yuxarıdakı suallarla əsaslandırdığımız nəticə hasil olur: “Sülhün keşikçiləri, “döyüşçü” hazırlayır”. Utancverici mənzərədir.

“Gənc döyüşcü” yox, potensial terrorçu hazırlığı...

Əslində təlimin adında belə təxribat xarakteri sezilir... Guya dağlarda sağ qalmaq və ilk tibbi müdaxilə barədə məlumatların verildiyi təlimin mahiyyəti “gənc döyüşçü” hazırlamaqdırmı

Gəlin, bu sualı və seçilmiş adın təxribat xarakterini açıqlamağa çalışaq. Əvvəla onu qeyd edək ki, düşmən ordusunu darmadağın edən Müzəffər ordumuz üçün bundan sonra yeganə təhlükə kimi separatçılar-terrorçuların zərərsizləşdirilməsi məsələsi ortaya çıxa bilər. Bu terrorçuların zərərsizləşdirilməsi üçün dağlıq ərazilərdə antiterror əməliyyatlarının keçirilməsi ehtimalı ilə bağlı elə sadə xalq arasında da çoxlu söz-söhbətlər gedir. Hər halda, son qərarı vəziyyətdən asılı olaraq Azərbaycan ordusunun komandanlığı və Ali Baş Komandan verir.

Ancaq 10 noyabr bəyanatından sonrakı dövrdə bu cür fikirlər Azərbaycan cəmiyyətində tez-tez səsləndirildiyi üçün aktuallığını qoruyur. Diqqət edin, antiterror əməliyyatlarının hədəfi “dağlıq ərazidə təxribatların qarşısının alınması”, “terrorçuların zərərsizləşdirilməsidir” deyə eşidirik. Bəs Rusiya sülhməramlıları nə edir? Dağlıq ərazidə həmin antiterror əməliyyatlarında zərərsizləşdiriləcək terrorçuların ardıcıllarını hazırlayır. Sülhməramlılar özləri etiraf edirlər ki, təlimlərdə “döyüşçü” hazırlayırlar. Yəni sağ qalmaq, ilk tibbi yardım və s. kimi anlayışlar 13-18 yaşlı ermənilərə öyrədilə bilər, bu, normaldır, ancaq yekunda onlardan “gənc döyüşçü”, əslində isə “gənc terrorçu” ortaya çıxırsa, demək ki, bu təlimlər dinc xarakter daşıya bilməz. Bir halda ki, dinc xarakter daşımır və “döyüşçü” hazırlanır, burada Rusiya sülhməramlılarına bir xatırlatmaq edək ki, qulaqlarına sırğa olsun!

Müstəqil və qüdrətli Azərbaycan dövlətinin suveren torpaqlarında igid, qorxmaz döyüşçülərin hazırlığı Azərbaycan ordusunun mübariz komandirlərinin ixtiyarında olan məsələdir. Hazırlanan hər bir döyüşçü Azərbaycanın şanlı bayrağına xidmət üçün canından belə keçməyə hazır olmalıdır. Əgər döyüşçü hazırlığına ehtiyac varsa, bizim hazırladığımız cəngavərlərin ad-sanı 44 günlük müharibədə bütün dünyaya yayıldı. Şuşanı azad edərək dünya hərb tarixinə düşən igidləri Azərbaycan ordusu hazırlayıb!

Sülhü qorumaq vəzifəsini həvalə etdiyimiz “sülhməramlılar” yadınızda saxlayın ki, Azərbaycan torpaqlarında “döyüşçü” hazırlamaq sizin vəzifəniz deyil və potensialınızdan qat-qat artığını tələb edən məsələdir. İlk növbədə kimin torpağında olduğunuzu unutmayın! “Gənc döyüşçü” təlimlərinin ortaya çıxardığı “məhsul” Azərbaycan dövləti tərəfindən terrorçu kimi qəbul oluna və əziyyətiniz hədər ola bilər. Uzun illər ərzində Rusiyanın bir çox hərbi məktəblərində yetişən ixtisaslı erməni terrorçularının 44 günlük müharibədə məhv edildiyi kimi, Azərbaycan ordusu bundan sonra da istənilən terrorçunu zərərsizləşdirmək qüdrətinə sahibdir. Məsləhət görürük ki, erməni uşaqları ətrafınıza toplayıb onlara döyüşmək əvəzinə, sülh içində yaşamağı, Azərbaycan Respublikasının suveren torpaqlarında olduqlarını öyrədin, bəlkə o zaman əziyyətiniz hədər olmaz...

Orxan Tağıyev