Usta Rahidə Baxışovanı aldatdı: Nə 35 minimi qaytarır, nə də təmirə başlayır

14:18 16-08-2019 661

Müğənni Rahidə Baxışova xoşagəlməz hadisə ilə üzləşib. Məlumata əsasən, onun mənzilini təmir edən usta dələduzluq edərək 35 min manatını alıb və aradan çıxıb.

HerGun.Az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. R.Baxışova hadisəyə bu cür reaksiya bildirib:

"Artıq hamı bu məsələdən agah oldu. Heç istəməzdim ki, bu mövzu bu qədər şişsin. Belə bir istəyim və ya niyyətim olsaydı, öz "Instagram" hesabımda hadisə ilə bağlı paylaşım edərdim. Sadəcə onu deyə bilərəm ki, evimi təmir etdirmək istəyirdim. Həmkarımın səhifəsində paylaşılan təmir işləri ilə bağlı elan görmüşdüm, dedim, elə onlara müraciət edim. Əfsuslar olsun ki, onlar məni aldatdılar. Günü günə satdılar. Artıq beş aydır şirkətə zəng vururam, bir tutarlı cavab eşitmirəm".

Pərişan duruma düşən sənətçi həmin şirkət tərəfindən aldadılan yeganə insan olmadığını da dilə gətirib:

"Əziyyət çəkib qazandığım pulu mənzilimin təmirinə xərcləmək istədim. Ustaya 35 min manat verdim. O isə həmin pulları ələ keçirdi. Nə pulu qaytarır, nə də təmirə başlayır. Bu hadisədən sonra öyrəndim ki, aldadılan mən tək deyiləm".

Rəşad Əliyev