Bakıda oğurlanmış uşaqları Bərdəyə aparıblar

16:09 16-08-2019 611

Bakı polisi Binəqədi rayonunda naməlum qadın tərəfindən oğurlanmış azyaşlı qardaş və bacının axtarışını davam etdirir. Uşaqlar və qadın sonuncu dəfə Beynəlxalq Avtovağzal Kompleksi ərazisində görünüb - müşahidə kamerası onları görüntüləyib.

Bu barədə HerGun.Az-a Binəqədi Rayon Polisindən məlumat veriblər.

Qeyd edək ki, 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı və 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rəhim oğlu 3-cü mədən küçəsinin 76-cı korpusu ərazisində itiblər.

Məlum olub ki, uşaqları Bərdə rayonuna aparıblar. Cinayət-axtarış bölməsinin bir qrup əməliyyatçısı itmiş uşaqları axtarmaq üçün rayona gedib.

Uşaqların anası Çiçək Aslanova işlədiyi kafeyə gəlmiş Bərdədən olan uşaqlı qadını qonaq saxlamasından danışıb. Ç.Aslanova onları yedirdib və bir günlük öz evinə gətirib. Səhəri gün işə gedən Ç.Aslanova düşünüb ki, qonaqları tezliklə gedəcəklər. Lakin sonra aydın olub ki, naməlum qadın onun uşaqlarını oğurlayıb.

Oğru qadının şəxsiyyəti və oğurluğun hansı məqsədlə törədildiyi hələlik bilinmir. Bu istiqamətdə iş aparılır.

Ramella İbrahimxəlilova