Ali Baş Komandan Vətən müharibəsindəki özünəinamından DANIŞDI

11:00 24-09-2021 452

“Mən prinsipcə sakit və təmkinli insanam. Və mən dəfələrlə öz müsahibələrimdə demişəm ki, hər hansı bir dövlət xadimi, xüsusən də dövlətdə birinci şəxs vəzifəsini tutanlar hisslərini gündəlik vəzifələrinin xaricində qoymalıdırlar. Əlbəttə ki, hər bir insanın emosiyası var və biz hansısa formada onu büruzə veririk, ancaq çalışdığım illər ərzində, ehtimal ki, hisslərimi kənarda saxlamağa imkan verən keyfiyyətləri özümdə inkişaf etdirmişəm”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə jurnalistin “Müharibə zamanı hər kəs ilk növbədə Ali Baş Komandanın necə davrandığına, necə çıxış etdiyinə və necə danışdığına diqqət yetirir. Hər kəs Sizin necə sakit, təmkinli və özünəinamlı olduğunuza diqqət yetirdi. Əzminiz, inamınız və sakitliyiniz nəyə əsaslanırdı?” sualına cavabında deyib.

“44 günlük müharibə zamanı biz heç bir təxribata uymadıq. Hətta düşmən Azərbaycan şəhərlərinə zərbələr endirəndə, bizim uşaqlarımızı və qadınlarımızı öldürəndə biz eyni hərəkətlə onlara cavab vermirdik, biz onların şəhərlərini bombalamırdıq. Hərçənd ki, bizi boğan duyğuları başa düşmək mümkün idi. Amma biz vicdanla mübarizə apardıq, beynəlxalq humanitar hüquqa hörmət etdik və müharibə cinayətləri törətmədik. Müharibənin ilk günündən hərbi cinayət törədən hərbçilərin ağır şəkildə cəzalandırılacağına dair ciddi göstərişlər verdim.

Fikrimcə, dediyim bu faktorlar, üstəgəl tarixi ədalətə inam sizin sualınızı xarakterizə edir. Sonra cəmiyyət və hərbi komandanlıq üçün Prezidentin sakit, özünəinamlı, təmkinli olması, qələbəyə inanması çox vacibdir. Bu, onları ruhlandırır və onları bunu tabeliyində olanlara ötürür, bütün bunlar hansısa elektrik impulsu ilə bütün vertikala ötürülür – yüksək hərbi rəhbərlikdən sıravi döyüşçüləyə qədər. Və bütün bunlar bütün cəmiyyətə ötürülür. 

Vacib olan odur ki, hərbi əməliyyatlar başlanandan biz uzun müddətdir gözlədiyimiz qələbəni hiss etdik. Mən artıq demişəm ki, 27 sentyabrda bir çox yaşayış məntəqələri azad edilib. Və Azərbaycan cəmiyyəti praktiki olaraq hər gün müraciətlərim və çıxışlarım zamanı məndən yeni xəbərlər gözləyirdilər. Bir neçə gün fasilə olanda hamı düşünürdü: Heç nə baş verməyib? Axı hamı Azərbaycan Ordusunun irəli getməsinə öyrəşmişdi. Əlbəttə ki, bir anlayış var idi: müharibə gözlənilməzdir. Son dərəcə çətin ərazi relyefi, düşmənin eşelonla möhkəmləndirilmiş əraziləri və qurduğu çoxsaylı müdafiə xətlərini aşmaq ehtiyacını nəzərə alaraq, nümayiş etdirdiyimiz yüksək sürətlə irəliləmək çox çətin idi.

Biz əməliyyatları elə planlaşdırmışdıq ki, itkilər mümkün qədər minimal olsun. Buna görə də əks-hücum əməliyyatı aparan Azərbaycanın itkilərinin “taktiki olaraq geri çəkilən” Ermənistandan daha az olması təəccüblə qəbul edildi.

Hesab edirəm ki, bu amillərin birləşməsi məndə, Azərbaycan ordusunda və Azərbaycan xalqında inam yaratdı”, - deyə, dövlət başçısı vurğulayıb.