"Relax"da qalmaqal: Deputatın oğlu Cinayət Məcəlləsinin 3 maddəsi ilə saxlanıldı

12:54 19-08-2019 1061

Lerik rayonunda Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu və yaxın qohumları saxlanılıb. 

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib.

Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə avqustun 18-də Lerik rayonunda deputata məxsus "Relax" istirahət məkanının ərazisində saxlanılıb. 

Parlament üzvünün oğlu Mirhəmid Məmmədov və digər qohumları Cinayət Məcəlləsinin 315-ci maddəsi (Hökumət nümayəndəsinə müqavimət göstərmək), 221.2.1-ci maddəsi (Qrup şəklində edilən dələduzluq) və 221.2.2-ci maddəsinə (İctimai qaydanın pozulmasının qarşısını alan hökumət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməsi) əsasən ittiham olunublar.

Altı nəfərin saxlanıldığı məlumdur: Mirhəmid Məmmədov, Orxan Nərimanlı (deputatın qardaşı oğlu), Pərviz Əsgərov (deputatın baldızı oğlu), Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov.

Qeyd olunan istirahət məkanının ərazisində baş verən fakt üzrə cinayət işi avqustun 16-da açılıb.

Deputatın oğlu və qohumları istirahət zonasının fəaliyyətini yoxlamağa gələn Vergilər Nazirliyinin nümayəndələrini "Relax" ərazisinə buraxmayıblar və qanun keşikçiləri ilə dava ediblər.

"Relax" şirkətinin vergiləri ödəməkdən yayındığı barədə məlumat var.

Cinayət işi Lerik rayon Polis İdarəsində qaldırılıb, daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilib.