Yenilənən “Baku Steel Company”də işçilərə diqqət və qayğı artırılır - FOTO

11:00 29-09-2021 269

Cənubi Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company”də son zamanlar baş verən dəyişikliklər və gözəçarpan uğurlar diqqəti cəlb edir.

Belə ki, cari ilin ilk 9 ayında istehsal və satışın artımı fonunda maliyyə göstəricilərini yaxşılaşdıran şirkətdə işçilərin də sayı artıb. Bu ilin fevralından bəri şirkətdə əməkdaşların sayı 170 nəfər artaraq 1640-a çatıb. İşçi artımının əksər hissəsi istehsalatın payına düşür. Buna müvafiq olaraq, şirkətin əməkhaqqı fondunda da artım müşahidə edilib.

Bununla yanaşı, BSC-də işçilərə diqqət və qayğı da artırılıb. Buna nümunə olaraq iş zamanı əməkdaşların sağlam qidalanması məsələsinin həllini göstərmək olar. Bu məqsədlə şirkətin daxilində müasir standartlara cavab verən və 24 saat fəaliyyət göstərən yeməkxanalar qurulub.

Yeməkxanalar bu sahədə böyük təcrübəsi olan tanınmış şirkətlərə idarəetməyə verilib. Artıq 2021-ci ilin aprel ayından etibarən şirkətdə sutka ərzində 3 növbə üzrə çalışanlara müvafiq olaraq 3 dəfə yemək verilir. Süd məhsulları da daxil olmaqla 40-dan çox çeşiddə təamın təqdim edildiyi yeməkxanada işçilərin qidalanması şirkət hesabına həyata keçirilir.

Bundan əlavə, son 3 ayda şirkətdə, əsasən istehsalatda çalışan 70-dək əməkdaş ölkənin müxtəlif kurort və sanatoriyalarına müalicə və istirahətə göndərilib.

Ümumilikdə BSC-də əməkdaşların, xüsusən istehsalat və texniki sahələrdə çalışanların digər maddi-məişət problemlərinin də həllinə həssaslıqla yanaşılır və onlar imkan daxilində planlı şəkildə tədricən aradan qaldırılır. Şirkətin ərazisində ümumi sanitar-gigiyenik vəziyyətin və sistemin yaxşılaşdırılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Hazırda BSC rəhbərliyi tərəfindən şirkətin daha böyük uğurlar əldə etməsi məqsədilə yeni layihələr və planlar üzərində işlər davam etdirilir.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında “Baku Steel Company” MMC-nin rəhbərliyində dəyişiklik olub və qısa müddət ərzində şirkətin fəaliyyətində bir sıra istiqamətlərdə müsbət dinamika qeydə alınıb.