Gəlinciyə sığınan ana, gözü yolda qalan ata: Qocaların son ümid yerindən FOTOREPORTAJ

15:00 01-10-2021 260

Darvaza açılır. İçəri daxil olub iti addımlarla söhbətləşmək üçün onlara doğru yol alıram. Məsafə də qısa deyil… Uzaqdan səs eşidilir. Qeyri-ixtiyari addımlarımı yavaşıdıram.

Deyəsən mənzil başındayam. Bəli, bu nərdin səsidir. Domino, nərd onların sevimli məşğuliyyətidir. Bəlkə də ailə, övlad həsrətini o nərdin səsində unudurlar. Onlar kiminsə atası, anası, dayısı, əmisidir. Əksəriyyəti valideyndir. Dünyaya övlad gətirib, həyatı onlara başa salıb, hər çətinliklərində yanlarında olub, qarşılığında isə tərk ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsindəyik (qocalar evi).

Hər bir qocanın yolunu bura salan səbəblər müxtəlifdir. Hər birinin hekayəsi ağrılıdır.

Gözlərindəki kədər, əllərindəki qırış o ağrının nəticəsidir. Amma əksəriyyəti bura tərk edilsə də, hələ də övladlarını tərifləyən, onlara haqq verən insanlardır.

İçəri girərkən bizi buranın sakini İbrahim Abdullayev qarşılayır.

Onunla söhbət edə-edə ikinci mərtəbəyə qalxırıq. 

İbrahim dayı deyir ki, həyat yoldaşı rəhmətə gedəndən sonra burada pənah tapıb:

“Uşaqlarımın biri Kanada, digəri isə Türkiyədədir. Arada zəngləşirik. Bakıya gələndə mənə baş çəkirlər. Daha çox bacım qızı hal-əhval tutur. Çünki onu özüm böyütmüşəm. Arada uşaqlarımın yanına da gedirəm. Pandemiya ilə bağlı son iki ildir ki, gediş-gəliş yoxdur”.

O deyir ki, Bakıda evi olsa da, tək olduğu üçü burada yaşayır:

“2014-cü ildən tənha qalmamaq üçün burda yaşayıram. Mənim şəhərdə evim var. Burada həyətdə gəzirəm, kitab oxuyuram. Pandemiya görə çox çıxıb harasa getmirəm. Bura yaxşıdır, gündə üç dəfə yemək verilir. Əvvəllər bizə yaxşı baxmırdılar. Yeməyə yumurta belə tapmırdıq. İndi hər şey düzəlib. Hətta kökəlmişəm (gülür)”.

Müəssisənin direktoru Samirə Mehdiyeva deyir ki, hazırda burada müxtəlif taleli ahıllar yaşayır:

“Müəssisəmiz iki korpusdan ibarətdir. Hazırda burada 180 sakin var. Onlardan 93 kişi, 87 isə qadındır. Buraya yaşı 70 və 70-dən yuxarı, tamamilə və qismən özünə qulluq qabiliyyəti, psixi və yoluxucu xəstəliyi olmayanlar və ona qulluq edə biləcək yaxınları olmayan vətəndaşlar qəbul edilir. Burada olanların əksəriyyətinin ailəsi var. Eyni zamanda, kimsəsi olmayan, başqa millətdən olanlar və vətəndaşlığı olmayanlar da var”.

S.Mehdiyeva deyir ki, dövlət qocalar evinin hər bir sakininin yemək, dərman və digər zəruri ehtiyaclarını ödəyir:

“Hər gün üç dəfə yemək verilir, geyimlə təmin olunurlar. Sakinlərin səhhətində problem olduqda ilkin müdaxilə edilir, burada müalicə mümkün olmadıqda, başqa xəstəxanaya aparırıq”.

- Bəs buradakı kimsəsiz sakinlər vəfat etdikdən sonra harada dəfn edilir?!

- Bilirsiniz mən onlara kimsəsiz demək istəmirəm. Biz burada böyük bir ailə kimi yaşayırıq. Burada kiməsə pis münasibət, ayrı-seçkilik ola bilməz. Sakinlər təqaüd də alırlar. Hətta onlar öz təqaüdlərini övladlarına, yaxınlarına yollayırlar. Sakinlər rəhmətə getdikdən sonra eləsi var ki, qohumlarına bildirilir. Kimsəsi olmayan şəxsləri isə Bilgəhdə yerləşən kimsəsizlər məzarlığında dəfn edirik.

Müəssisədə ahıl şəxslər üçün müxtəlif layihələr, tamaşalar da təşkil olunur. Burada çalışırıq ki, ahıllar bir-birlərinə də dəstək olsunlar.

 

Öyrənirik ki, 20 il burada yaşayan şəxslər var. Direktor deyir ki, qocalar vaksinasiya prosesindən də keçib:

“Heç bir qocamız koronavirusa yoluxmadı. Biz işimizi karantin rejiminə uyğun olaraq qurduq. Ahıllar pandemiyada heç yerə getmədilər, biz də heç kimi qəbul etmədik. Düzdü, qocalarımız çox darıxdı, amma şükürlər olsun ki, ahıllarımızın sağlamlığında heç bir problem olmadı”.

Qocaların müəssisədən çıxıb qayıtmaqları sərbəstdir, amma uzun müddət olduqda mütləq ərizə yazılmalıdır.

Qocalar evinin ən böyük sakinin 96 yaşı var. Bir il ərzində 11 nəfər ahıl ailəsinə geri qayıdıb.

85 yaşlı Rəhimbəyova Sona nənə deyir ki, artıq beş ildir ki, burada yaşayır. Nəvəm və qızım xaricə getdi. Orada ev almaq üçün yaşadığımız mənzili satdılar. Bir müddət kirayələrdə qaldım, sonra buraya yerləşdim. Nəvəm arada axtarır məni. Qızım artıq rəhmətə gedib... Kövrəlir”. 

Bir müddət otağa sükut çökdü. Daha sonra Sona xanım dərindən nəfəs alır və deyir:

“Bura qocalar evi deyil. Pansionatdır. Vicdan haqqı düz deyirəm. Havası gözəldir, isti, soyuq su, yeməyi var. İstədiyim vaxt gəzirəm, kitab oxuyuram. Hərdən də digər qocalarla söhbətləşirik. Elmira adlı xanımla rəfiqəyik. Birlikdə harasa gedirik, gəzirik. Xəstəliyə görə bu aralar harasa çox da gedə bilmirik”.

Sona xanımın otağında gəlinciklər də var. Bəlkə də rəhmətə gedən və xaricdə yaşayan nəvəsi üçün darıxdığına görə gəlincikləri gözünün qabağından ayırmır...  

Buranın digər sakini Zəminə xanım Qarabağ zonasındadır. O, 1993-cü ildən burada yaşayır:

“Füzulidənəm. Ən çox torpaqların alınmasına sevinirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə şəfa versin. Arzularımdan biri də ölmədən öz torpaqlarımıza baş çəkməkdir”.

Burada kimi ürəyindən keçəni, kimi isə “ağ yalan” danışır. Bəziləri tənhalıqdan, evdəki səsdən sakitlik tapmaq üçün bura gəldiyini desə də, danışdıqca gözləri dolur.

Abdullayeva Tamara da beş ildir ki, burada yaşayır:

“Əvvəllər Bakıda qocalar evində yer olmadığı üçün 16 il Naxçıvandakı müəssisədə qaldım. Sonra orada müdir dəyişdi və hamı oradan qaçdı. Mən də bura gəldim. Keçmiş müdir incidirdi bizi və mən hər ay ona 100 manat pul verirdim. Onu çıxartdılar, indi hər şey normaldır”.

Qocalar evinin sakinləri ilə həmsöhbət olduqca, onların nurani və şəfqət dolu baxışlarının arxasında acılı-şirinli həyat hekayələrinin gizləndiyini hiss etmək olurdu. 

Məni bir şey düşündürür: Ən gözəl illərini övladına həsr edən ana-ataların ömürlərinin son illəri niyə belə gözü yolda keçməlidir?!

İlhamə Əbülfət

FOTO: Tapdıq Abdullayev