Bakıda "İnfiniti" "Opel"lə toqquşdu, bir nəfər yaralandı - FOTO

02:54 20-08-2019 908

Bakının Nizami rayonunda 2 avtomobil toqquşub, sürücülərdən biri yaralanıb.

HerGun.Az saytının məlumatına görə, hadisə Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində baş verib.

R.Rüstəmov küçəsilə hərəkətdə olan "İnfiniti" markalı avtomobil dönmə əməliyyatı edərkən M.Gəncəvi küçəsi ilə gedən "Opel" markalı avtomobilin sürücüsü 1969-cu il təvəllüdlü Muradov Namiq Əlifağa oğlu idarəetməni itirib.

Nəticədə avtomobil "İnfiniti"yə çırpılıb. Zərbənin təsirindən "İnfiniti" markalı avtomobil yol kənarındakı çuxura girib, daha sonra reklam lövhəsinin dirəyinə çırpılıb.

Qəza zamanı N.Muradov xəsarət alaraq 3 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Hadisə yerinə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli