Cem Uçan: Muğama heyranam, Azərbaycandan təklif olsa, qaçaraq gələrəm - MÜSAHİBƏ

09:00 20-08-2019 765

Türkiyənin "Filinta", "Paytaxt Əbdülhəmid", "Diriliş Ərtoğrul" kimi seriallarında rol alan tanınmış aktyor Cem Uçanın HerGun.Az-a müsahibəsi

- Bakıya xoş gəldiniz.

- Xoş gördük. Bakını öz vətənim hesab edirəm. Ölkənizi çox sevirəm. Burada çoxlu dostlarım və sevdiyim insanlar var. Şəhəriniz tarixi baxımdan möhtəşəm, gözəl və təmizdir. İnsanları isə çox mehribandır. Bu səbəbdən Bakıda özümü yad, qərib kimi hiss etmirəm. Sanki İstanbulda bir yerdən başqa yerə gəlmişəm. Bakıda olduğum üçün çox xoşbəxtəm.

- Azərbaycan tamaşaçısının da böyük həvəslə izlədiyi bir çox seriallarda çəkildiniz. Amma sizi ən çox "Diriliş Ərtoğrul"dakı Əliyar obrazı ilə tanıdıq. Əliyar həyatınızda nəyi dəyişdirdi?

- Hələ "Filinta"nın ikinci mövsümündə oynadığım zaman Əliyar obrazı ilə bağlı təklif gəlmişdi. "Diriliş Ərtoğrul"un prodüseri Mehmet Bozdağ məni bu rolda gördüyünü söylədi. Obrazın xüsusiyyətlərini mənə danışanda çox həyacanlandım. Əliyarın dövlətinə, millətinə, atasına bağlılığı, ədalətin tərəfində olması, dürüstlüyü, vətən sevgisi çox önəmlidir. Hətta günahkar olan atasını belə bağışlaya bilməyən biri olması mənim üçün çox xoşdur. Bu səbəbdən Əliyar aktyorluq həyatımda önəmli bir obrazdır.

- Bildiyim qədərilə aktyor olmadan öncə peşəkar idmançı olmusunuz.

- Bəli, uzun müddət döyüş növləri ilə, tayboks məşğul olmuşam. İdman Akademiyasının məzunuyam. Hətta 2005, 2006 və 2008-ci illərdə dünya çempionu olmuşam. Taylandda keçirilən yarışlarda da birinci yeri qazanmışam. Amma 30 yaşından sonra idmanı buraxdım. Makedoniya Dövlət Konservatoriyasında nüfuzlu müəllimlərdən aktyorluq dərsləri almağa başladım. Çünki səkkiz yaşından teatrda həvəskar aktyor kimi çalışmışam.

Dediyim kimi, döyüşü buraxdıqdan sonra peşəkar aktyor olmaq üçün öz üzərimdə çalışdım. Aktyorluğa böyük sevgim var. Şadam ki, ustadlarla işləmək fürsəti qazandım.

- Seriallarda ifa etdiyiniz rollar aparıcı, xarakterli obrazlardır. Bu obrazları özünüz seçirsiniz? Həmin obrazlarla bənzər tərəfləriniz hansıdır?

- Tamaşaçılar tərəfindən sevilən obrazlarla az da olsa, həyatımdan nələrsə üst-üstə düşür. Bu mənada, canlandırdığım obrazların hər biri ilə oxşar cəhətlərim var. Ona görə də bütün rollarım tamaşaçılar tərəfindən sevilir.

- Bəs sizə daha yaxın olan, özünüzü gördüyünüz obraz hansıdır?

-  Ən yaxşı obrazları oynamaq şansım oldu. Bu baxımdan xoşbəxtəm. "Filinta" serialındakı Bıçaq Əli isə mənim üçün çox özəldir. O rolu çox bəyənirdim.

- Daha çox seriallarda çəkilirsiniz. Amma hər zaman film sahəsinin sizin üçün önəmli olduğunu deyirsiniz. Bunun səbəbi nədir?

- Serialların bir az ticari yönü var. Belə ki, Türkiyənin ən reytinqli serialında baş rol oyunçusu olsanız belə, beş ildən sonra unudula bilərsiniz. Amma yaxşı bir filmdə oynadığın rolla nəsillərin yaddaşında qala bilərsən.

- "Yeşilçam" aktyorlarından sevdiyiniz və bəhrələndiyiniz kimlər var?

- Əlbəttə, aktyorluğunu və ümumi olaraq görünüşünü bəyəndiklərim var. Kadir İnanırı bəyənirəm. Şener Şenin aktyorluğunu isə çox bəyənirəm. O, sadəcə bir komediya ustası deyil, həm də dram aktyorudur. Uğur Yücelin də yeri başqadır. Yeni nəsildən isə Nejat İşlerin gördüyü işləri də qeyd etməliyəm. Onu izləmək mənə xoşdur.

Dünya üzrə isə amerikalı aktyor Al Paçinonun filmlərini izləyərək çox şey öyrəndim.

- Daha çox sizi tarixi, döyüş janrlarında çəkilmiş seriallarda görürük. Komediya filmləri ilə bağlı təkliflər gəlmir, yoxsa özünüz istəmirsiniz?

- Bu, seçim məsələsidir. Amma daha çox tarixi, döyüş janrlarında çəkilən seriallarında rol aldığım üçün komediyadan təklif gəlmir. Əslində komik adamam. Amma məni tanımayan komediya janrında film və seriallar çəkən prodüserlər bunu bilmir. Bəlkə də məni komediya filmlərində görmürlər.

- Prodüserlər yüksək məbləğ təklif etsələr də, hansı rolu oynamazsınız?

- Kimsə məni vətən xaini və uşaq qatili kimi rola dəvət edə bilməz. Dünyada bunun maddi olaraq heç bir qarşılığı yoxdur. Nə qədər yüksək pul versələr belə, bu iki rolu oynamaram. Heç təklif də gəlməyib. Məni tanıdıqları üçün bunu etmirlər.

- Həm rejissoru olduğunuz, həm baş rolda oynadığınız "Dəlilər" filmində çəkilmək sizin üçün çətin olmadı ki?

- Çox çətin oldu. Çünki hekayəsi ağır idi. Sabir və Tənzilə Rüstəmxanlıların köməyi olmadan bu filmi çəkə bilməzdik. Onların əziyyəti böyükdür. Filmi çox çətin şəraitdə çəkdik. Amma filmin həm Türkiyə, həm də Azərbaycanda sevilməsi bizi şad edir.

- Dublyordan istifadə edirsiniz?

- Xeyli film və serialda çəkildim. Amma heç birində dublyordan istifadə etmədim. Düzü, mənim edə biləcəklərimi həyata keçirən bilən bir dublyorun Türkiyədə olduğunu düşünmürəm. Çünki bu işlə bağlı olaraq peşəkarlardan dərs almışam. Hətta Hollivudun məşhur dublyor müəllimlərindən belə bu sənətin sirlərini öyrənmişəm. Bu səbəbdən bütün təhlükəli səhnələrin hamısında da özüm çəkilirəm.

- Bəlli bir yaşa gəldikdən sonra da dublyordan istifadə etmək fikriniz yoxdur?

- Xeyr.

- Bildiyim qədərilə bu yaxınlarda "Paytaxt Əbdülhəmid" serialında atdan yıxılaraq ciddi zədə almısınız. Hətta əməliyyat belə keçirimisiniz.

- Həmin vaxtı göz dəydi mənə (gülür). Çünki 10 yaşından at sürürəm. Bəlkə də başqa bir yerdə zədə alacaqdım, amma atdan yıxıldım.

- Ailənizdən bu sahədə çalışanlar varmı?

- Türkiyədə sevilən aktyor Yiğit Uçan qardaşımdır. Digər balaca qardaşım isə bəstəkardır. Ailəlikcə musiqini çox sevirik. Anadan olduğumuz gündən bəri musiqi ilə tanışıq. Mahnı oxumağı bacarırıq, musiqi duyumumuz çox yaxşıdır.

- Hansı Azərbaycan musiqilərini bəyənirsiniz?

- Sizin muğama qəribə bir heyranlığım var. Alim Qasımovun inanılmaz dərəcədə pərəstişkarıyam. 10 ildən çoxdur ki, evimdə və maşınımda onu dinləyirəm. Qızı Fərqanə Qasımova ilə birlikdə oxuduğu muğamları çox sevirəm. Ümumiyyətlə, onlar dünya üçün çox önəmli insanlardır.

Azərbaycan musiqilərini sevirəm. Sizin möhtəşəm müğənniləriniz var. Demək olar ki, bütün azərbaycanlılar yaxşı mahnı oxuya bilir. Hətta musiqiyə aidiyyəti olmayanların belə gözəl səsi var. Azərbaycan musiqilərini sizin ifaçılardan dinlədikdə bəzən kövrəlirəm.

- Aktyorlarımızdan kimləri tanıyırsınız?

- Nurəddin Mehdixanlını tanıyıram. Sizin sayənizdə özü ilə də tanış oldum. Bir çoxlarını da tanıyıram, amma bəzilərinin adı yadımda deyil.

- Bu yaşda üç oğul atasınız.

- Bəli. Həyat yoldaşım Gülşah Şahin və böyük oğlum Batım Deniz Uçan da aktyordur. Böyük oğlum Batım Deniz Uçan 24 yaşındadır. Hər kəs Batımın balaca qardaşım olduğunu bilir (gülür). Hazırda oğlumla "Paytaxt Əbdülhəmid" serialında birlikdə çəkilirik. İkinci oğlum isə hələ 12 yaşındadır.

Böyük oğlanlarım anadan olanda çox gənc idim. Amma yaşa dolduqca dünyaya fərqli baxmağa başlayırıq. Bu səbəbdən dörd aylıq balaca oğlum Şəms evimizin sevinci, nəşəsidir. Həyatımıza Günəş kimi doğdu.

- Azərbaycandan təklif gəlsə, qəbul edərsiniz?

- Bakı mənim üçün çox önəmlidir. Burada hər hansı layihədə, çəkilişdə olmağı çox istərdim. Yaxşı ssenari olsa, təklif olsa, qaçaraq gəlib çəkilməyə hazıram.

Sevinc Yasinqızı
FOTO: Ramil Zeynalov