Ermənistanda xüsusi təhlükəli xəstəliyə yoluxan səkkiz nəfər xəstəxanaya yerləşdirilib

15:09 20-08-2019 1482

327427

Ermənistanda səkkiz nəfər xüsusi təhlükəli yoluxucu xəstəliyə - sibir yarasına tutulduqdan sonra xəstəxanaya yerləşdirilib.  

TASS-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

"Martuni şəhərinin (Qeqarkunik vilayəti) xəstəxanasına əllərini yara basmış iki nəfər çatdırılıb. Xəstələr bir neçə gün öncə dana ətinin emalı ilə məşğul olduqlarını bildirib. Səhiyyə işçilərinin Geqovit kəndində keçirdiyi reyd nəticəsində daha altı nəfərdə Sibir yarasının dəri forması aşkar olunub.

Xəstələrin hamısı müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilib", - deyə agentlik Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin bəyanatına istinadən yazır.

Bütün pasiyentlər həkim nəzarətinə götürülüb. Sibir yarası qeydə alınan kənddə həkimlər işləyir.

Sibir yarası - insanda və bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlarda rast gəlinən təhlükəli yoluxucu xəstəlikdir.