Bakının zeytun bağları araq şüşələri ilə doludur, itlər məskən salıb - VİDEO

17:45 20-08-2019 1074

Nadir hallarda şəhərin mərkəzində böyük yaşıllıq zolağına rast gəlirik. Hələ bu yaşıllıq kifayət qədər qiymətli meyvə ağaclarıdırsa, o zaman vəziyyət bir qədər də dəyişir. Sözügedən yaşıllıq zolağından biri də 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağıdır ki, burada da vəziyyət ürəkaçan deyil.

Ərazidə yaşayanlar bağdakı ağacların baxımsızlığından şikayətlənir. Dəfələrlə qurumlara müraciət etdiklərini, problemin hələ də öz həllini tapmadığını deyirlər.

Baku TV-nin əməkdaşları zeytun bağına yollanıb.

Sakinlər bildirir ki, zeytun bağındakı ağaclar quruyur, ərazidə itlər məskən salıb, ağacların dibi asfaltlanıb. İndi bağı təmizləsələr də, ümumiyyətlə, zibillə, araq şüşələri ilə dolu olur.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovla əlaqə saxladıq. Qurum rəsmisinin sözlərinə görə, bu ağacların yaşı çox olduğundan sulamağa ehtiyacı yoxdur. Ərazidəki qurumuş ağaclara gəldikdə, baxış keçirəcəklərini, ehtiyac olarsa, payız fəslində budayacaqlarını bildirdilər. 

Hövsanda "1 saylı Zeytun sovxozu" adlanan ərazidə də yaşanan oxşar vəziyyətə münasibət bildirən O.Məmmədov deyib ki, həmin ərazi onların nəzarətində deyil.  

Qeyd edək ki, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi üç min hektar təşkil edib. Ancaq bu gün zeytunçuluqla bağlı vəziyyət rəsmi rəqəmlərdə göründüyündən daha dəhşətlidir.

Billurə Mikayıllı
Valeh Arifoğlu